“A uyruğu-uyruğu, saqqalı it quyruğu”. Novruz gəlir və biz bu sözləri yenə eşidəcəyik. Yox-yox, kinayə ilə danışmıram. Bu, xalqımın bayramıdır. Onun barəsində qeyri-etik fikir səsləndirmək niyyətim də yoxdur. Sadəcə, bəzi subyektiv fikirlərimi çatdırmaq istəyirəm.
Novruzun gəlişinə 2 həftə qalmış paytaxtda bayram dekorasiyaları qurulur, atlılara cəngavər paltarı hazırlanır, Şabran və Salyandakı dəvə təsərrüfatının rəhbərlərinə sorğu göndərilir ki, dəvələrini yuyub təmizləsinlər. Əvvəlcədən bilinir ki, bayram necə keçiriləcək. Bunu gözüyumulu da bilmək olar.
Ağ-əlvan geyinən Bahar Qız atlıların qarşısından faytonla keçəcək, Qız Qalasının üstündə Dədə Qorqudun məsləhəti ilə 3 tonqal yandırılacaq, Qoşa Qala qapısının üzərində cəngavərlər dayanıb nizələrini yerə dirəyəcəklər, bir tərəfdə xoruz döyüşdürüləcək, o biri tərəfdə Kosanın ürəyi gedəcək, Keçəl də ağlayacaq. Barışandan sonra yumurta döyüşdürüb bir-birinin başına çırtma vuracaqlar. Sonra Kosa bir əlində çömçə, o biri əlində torba ilə pay yığacaq. Keçəl də qışqıracaq ki, “Kosanın payını verin”. Yeri gəlmişkən, xristianların Milad bayramında Santa Klaus bayram sovqatı gətirib küknar ağacının altına, yun corablara, ya da sobanın kənarına qoyub gedir. Uşaq səhər duranda görür ki, bir xeyirxah baba onu sevindirib. O baba ona təkcə hədiyyə gətirib sevindirimir, həm də genində xeyriyyəçilik formalaşdırır: “Mən sənə verdim, sən də kiməsə verib sevindir”. Bizim kosa isə pay yığır. Keçəllə göstərdiyi məzhəkəyə görə tamaşaçılardan mükafatlanmasını gözləyir. Özü də yamaqlı paltarda. Qoy belə də olsun. Bir tərəfdən düşünürəm ki, axı niyə belə olmalıdır.
Bəzən xalqın xeyriyyəçilik ruhunda formalaşmasında folklorşünaslarımız böyük rol oynaya bilərlər. Novruz adət-ənənəsi yalnız bu məzhəkə ilə bitməlidirmi? Bəlkə yenidən kənd və rayonlara çıxıb ağsaqqal və ağbirçəklərdən o illərdə daha nələrin mövcud olmasını soruşaq? Bizim yaşlı folklorşünaslar ötən əsrin 50-60-cı illərində kəndlərə gedərək Novruz adətlərini yazıb gətiriblər. Bu istiqamətdə onların kitablarından da bəhrələnmək olar.
Novruza dair kitablarda göstərilir ki, sonuncu çərşənbə axşamında arxlardan su götürüb həyət-bacaya səpərmişlər ki, xeyir-bərəkətli olsun. Bu adəti də paytaxtda keçirilən bayramın planına salmaq mümkündür. Qızlar səhənglərdən Qoşa Qala qapısının yaxınlığına su səpirlər. Yaxud, mərhum Azad Nəbiyevin kitabında “Sayaçı”lardan danışılır. Hələ qədim vaxtlarda Novruz bayramında sayaçılar peyda olarmışlar. Onlar əllərində çomaq, bellərində məxməri parçadan qurşaq bağlayaraq, adamlar arasında bərabərlik yaradarmışlar. Səhər tezdən kəndə daxil olub qapıları döyərmişlər. Kimin iki qoyunu var imişsə, birini sayaçıya verərmiş. O da kəndi gəzib həmin payı qoyunu olmayan kasıba verib sevindirərmiş. Kimisi qoyun, kimisi də toyuq-cücəsinii əsirgəməzmiş. Bir sözlə sayaçı kənddə bərabərlik yaradıb çıxarmış. Həmin gün varlı-kasıb söhbəti olmaz, bütün evlərdə xörək bişirilər, uşaqlar şənlənərmişlər. Özü də sayaçıya nəsə verməmək günah sayılarmış. Onu hörmət-izzətlə qarşılayıb, pay-parça ilə yola salarmışlar. Bir tərəfdən düşünürəm ki, sayaçının yaratdığı bərabərlik o illərin ideologiyası ilə üst-üstə düşdüyünə görə görəsən hansı səbəbdən belə unudulub? Həmin sayaçı obarazını indi də canlandırmaq, Novruz tamaşasına qatmaq olar.
Bundan başqa folklorşünaslar bayramın daha rəngarəng keçməsi üçün yeni elementlər də əlavə edə bilərlər. Bunun üçün Bakı şəhər İcra Hakimiyyətinə təkliflərini ünvanlamaq gec deyil. Düzdür, folklor alimlərimiz deyə bilərlər ki, kitab yazmışıq, özləri götürb tətbiq etsinlər. Ancaq istənilən halda təşəbbüs göstərmək yaxşı haldır. Əsas odur ki, tamaşaya toplaşanlara sürpriz bəxş edilsin. Daha gözüyumulu bilinməsin ki, Kosa qara çömçəyini oynada-oynada birdən yıxılıb ürəyi getməyəcək.