Novruzda evə qapanmamaq üçün indidən düşünək...

novruzda-eve-qapanmamaq-ucun-indiden-dusunek
Oxunma sayı: 4367

Azərbaycanda son günlər koronavirusa yoluxma hallarında yenidən yüksəliş qeydə alınır.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, yanvar ayında karantin rejiminin yumşaldılmasından sonra ictimai aktivlik və insanların ünsiyyəti artıb. Təcrübə göstərir ki, sosial məsafələrin qorunmaması, tibbi maskadan düzgün istifadə edilməməsi, gigiyenik qaydalara əməl olunmaması sonda vəziyyətin kritik həddə çatmasına səbəb olur.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da pandemiyanın başladığı bir il müddətində bir neçə dəfə karantinin sərtləşdirilməsi və yumşaldılması qərarları verilib.

Burada qərarı öz davranışları ilə hər bir fərd və onların formalaşdırdığı cəmiyyət verir. Hökumət isə qoruyucu tədbirlər çərçivəsində məcburi olaraq bu qərarları rəsmiləşdirir və icrasına nəzarət edir. Yəni, bu gün qaydalara əməl etməklə növbəti qapanmaların qarşısını ala bilərik.

Son bir ay ərzində gündəlik yoluxma sayı 10 dəfə artıb. Belə ki, fevralın əvvəllərində gündəlik yoluxma ikirəqəmli saya keçsə də, ötən gün artıq yoluxanların sayı 365 nəfərə çatdı.

Koronavirusa yoluxan bir nəfərin gündəlik işlərində təxminən 40-60 nəfəri yoluxdura bildiyini nəzərə alsaq, həndəsi silsilə ilə növbəti günlərdə yoluxma sayı yenidən bir neçə mini ötə bilər. Misal üçün, ötən il oktyabrın sonunda gündəlik yoluxma sayı 500 ətrafında olsa da, bir ay sonra, dekabrda bu rəqəmlər 5 mindən yuxarı idi.

Qarşıdan Novruz bayramının gəlməsini nəzərə alsaq, insanların ünsiyyətinin daha da sıxlaşacağını, ənənəyə uyğun olaraq bayram təbrikləri üçün bir-birinin evinə qonaq gedəcəyini, 10 günə yaxın tətildən istifadə edərək rayonlara, kəndlərə üz tutunların sürətlə artacağını proqnozlaşdırmaq çətin deyil. Son bir ildə yaşananlardan nəticə çıxararaq deyə bilərik ki, bu proses də yenidən koronavirusun alovlanmasına səbəb ola bilər.

Əgər Novruz bayramına kimi yoluxma sayı artmağa davam edərsə, bayram ərəfəsində qapanmalara gedilməsi qaçılmaz olacaq. Amma insanların məsuliyyətli davranacağına və karantin qaydalarına əməl edəcəyinə güvənilib qapanma qərarı verilməyə də bilər. Amma bayram günləri insanların yoluxmanın sayının yüksəlməsinə rəvac verəcək addımlar atacağı təqdirdə, günəşli yaz aylarını yenidən məhdudiyyətlərlə, #Evdeqal şüarı ilə keçirməyə məcbur olacağıq.

Yoluxma sayı artdıqca tibb sisteminin üzərinə düşən yük də artır, həkimlər xəstələrə lazımi qulluq edə bilmir. Nəticədə ağır xəstələrin, reanimasiyada süni tənəffüs aparatına bağlı qalanların, boğularaq ölümlə həyat arasında mübarizə aparmaq məcburiyyətində olan insanların sayı da artır.

Bu da koronavirusdan daha çox insanın ölməsi ilə nəticələnir və biz özümüzün, həm də ətrafımızdakı insanların məsuliyyətsiz və laqeyd davranışları ucbatından ən yaxınlarımızı itirməyə davam edirik.

Son günlər yoluxma hallarının sayının artması artıq cəmiyyətdə qapanmalara gediləcəyi barədə gümanları artırıb. Ölkə əhalisinin böyük bir qismi bu prosesin labüdlüyünü anlayır və siqnallar da bu istiqamətdə verilir. Amma yoluxma sayının artması insanların həyatında faciələr, sağalanlarda ömürlük zədələr buraxdığı kimi, cəmiyyətdə, iqtisadiyyatda da öz mənfi təsirini göstərir. İaşə obyektlərinin qapanması insanların gəlirlərinin azalmasına, rəsmi formada işləməyənlərin işsiz qalmasına səbəb olur. Bu halı aradan qaldırmaq üçün isə yük dövlət büdcəsinin üzərinə düşür.  

Hazırda bir çox ölkələr yenidən qapanma qərarı verir və karantin rejimini sərtləşdirir. Və dünyanın əksər ölkələrində həm dövlətlərin zəif əlaqələri, həm də maddi vəziyyətinə  görə vaksinasiya prosesinə start verilməyib. Azərbaycanda isə artıq 300 mindən çox insan COVID-19 əleyhinə peyvənd olunub.

Növbəti aylar ərzində, xüsusən insanların sıx təmasda olduğu Novruz bayramında tibbi maskalardan düzgün istifadə etməklə, sosial məsafə qorumaq, gigiyena qaydalarına uyğun davranmaq və könüllü vaksinasiya olunmaqla Azərbaycanda bir neçə aya pandemiya dövründən çıxıb, post-pandemiya mərhələsinə start verə bilərik.

Murad Əhməd