NRYTN-də Anım Günü qeyd olundu - Foto

nrytn-de-anim-gunu-qeyd-olundu
Oxunma sayı: 1098

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) 27 sentyabr – Azərbaycanda Anım Günü ilə əlaqədar tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, əvvəlcə nazirliyin inzibati binasında şəhidlərin xatirəsinə həsr edilmiş guşənin qarşısına əklil qoyulub və ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarını fəda etmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

Sonra nazirlikdə Anım Günü – Milli Qürur Günümüzlə bağlı tədbir keçirilib.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev çıxışında cənab Prezident İlham Əliyevin 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunmasına dair Sərəncamının şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisi olduğunu söyləyib.

Bildirilib ki, bir il öncə qəhrəman ordumuz düşmənin növbəti təxribatını dəf etmək məqsədilə Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücuma keçdi. Bu hücum düşmənin diz çökməsi və 30 ildir ki işğal altında saxlanılan torpaqlarımızın azad olunması ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı, Azərbaycan Ordusu Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi.

Heç bir qələbənin asanlıqla əldə olunmadığı, torpaqlarımızın düşmən işğalından Vətən övladlarının qanları, canları bahasına azad edildiyi diqqətə çatdırılıb. Vətən müharibəsində nazirliyin və qurumlarının 210 əməkdaşının iştirak etdiyi, onlardan 6-nın şəhidlik zirvəsinə ucaldığı da qeyd olunub.

Tədbirdə, eyni zamanda Prezident İlham Əliyevin şəhid ailələri ilə yanaşı, qazilərimizə göstərdiyi qayğı, onların reabilitasiyasına ayırdığı diqqət, eləcə də sosial məsələlərinin həlli istiqamətində apardığı işlər diqqətə çatdırılıb.

Sonda Vətən müharibəsinə həsr edilmiş qısa film nümayiş etdirilib.