NRYTN-in nümayəndələri GUAM-ın iclasında iştirak ediblər

nrytn-in-numayendeleri-guam-in-iclasinda-istirak-edibler
Oxunma sayı: 1453

Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın Nəqliyyat üzrə işçi qrupunun növbəti – 17-ci iclası “COVID-19” pandemiyası ilə əlaqədar onlayn formatda keçirilib.

Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, üzv ölkələrin aidiyyəti qurumlarının rəsmilərinin qatıldığı videotədbirdə Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Xarici İşlər, İqtisadiyyat nazirlikləri və “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri təmsil ediblər.

Onlayn tədbirdə regional logistik platformanın yaradılması konsepsiyası, GUAM Nəqliyyat Dəhlizinin inkişafı üzrə texniki-iqtisadi əsaslandırma, eləcə də Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (OSJD) ilə əməkdaşlıq mövzuları müzakirə predmeti olub.

İclas iştirakçılarına ölkəmizdə “COVID-19” pandemiyasının sosial-iqtisadi nəticələrinin aradan qaldırılması istiqamətində nəqliyyat sektorunda həyata keçirilən tədbirlər və görülən işlər barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın təsis etdiyi beynəlxalq regional təşkilat olan GUAM-a bu il ölkəmiz sədrlik edir. Azərbaycanın sədrliyinin prioritetləri kimi təşkilat çərçivəsində nəqliyyat və ticarət sahələrində əməkdaşlıq məsələləri, vacib əməkdaşlıq istiqamətləri olaraq kiçik və orta sahibkarlıq, energetika, turizm və bir neçə digər sahələr qəbul edilib. Koronavirus pandemiyası səbəbindən Azərbaycanın təşkilatda sədrliyi çərçivəsində cari ilin mart-aprel aylarında planlaşdırılan bir sıra tədbirlərin həyata keçirilməsi mümkün olmayıb.