Nüfuzlu müsabiqə təhlükə altında - Müğənnilərin səfərinə icazə verilmir

nufuzlu-musabiqe-tehluke-altinda
Oxunma sayı: 1037

Dünyaya yayılan koronavirus epidemiyası səbəbi ilə nüfuzlu “Eurovision” mahnı müsabiqəsinin baş tutması sual altındadır.

“Qafqazinfo” xəbər verir ki,  yarışmanın yarımfinal mərhələlərinin mayın 12 və 14-də, final mərhələsinin isə mayın 16-da reallaşması planlaşdırılsa da, tarixin dəyişdirilməsi məsələsi gündəmdədir. Belə ki, təşkilat komitəsi festivalın iyunda keçirilməsini müzakirə edir. Buna səbəb ev sahibi Niderlandda təşkil olunan poskart çəkilişlərinə əksər iştirakçılar qatıla bilməməsidir. 

Hətta İsrailin Səhiyyə Nazirliyi təmsilçi Edenin ölkədən çıxışına icazə verməyib. Həmçinin, aprelin 10-da müsabiqə çərçivəsində keçirilməsi nəzərdə tutulan Madrid partisi də təxirə salınıb.

Bundan əlavə, “Eurovision”da nəhəng 5 ölkə siyahısına daxil olan İtaliya koronavirusa görə “qırmızı zona” elan edildikdən sonra vəziyyət daha da gərginləşib. Belə ki, favoritlər siyahısında olan ölkə təmsilçisi Diodatonun Romadan çıxıb-çıxmayacağı sual altındadır.

Eyni zamanda bukmeykerlərin proqnozuna görə, yarışmada ikinci olacağı düşünülən Litva təmsilçisi “The Roop” qrupu açıqlama yayaraq “Eurovision” çərçivəsində təşkil olunan tədbirlərə və poskart çəkilişlərinə getməyəcəyini bildirib.

Bir müddət əvvəl xəbər verdiyimiz kimi, “Eurovision” mahnı müsabiqəsinin icraçı rəhbəri Yan Ola Sand və digər rəsmilər Rotterdamda keçirilməsi nəzərdə tutulan nümayəndə heyətlərinin iclasına qatılmayacaq.

İsveç nümayəndə heyəti də virus təhlükəsi səbəbindən Rotterdamdakı görüşə getməkdən imtina edib.

“Eurovision”un tamaşaçısız keçirilmə təklifi də komitə tərəfindən qəbul olunmayıb. Çünki, layihənin gəlirlərinin yüksək faizi bilet satışından əldə olunur və bu səbəbdən 25-30 min şounun baş tutacağı arena da təhlükə altına atılır.