“Nurçular Azərbaycanda bütün sahələrə nüfuz ediblər” - - İddia

nurcular-azerbaycanda-butun-sahelere-nufuz-edibler-
Oxunma sayı: 4940


“Qafqazinfo” xəbər verir ki, bunu virtualaz.org-a müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev deyib. O bildirib ki, nurçuluq ideologiyası Azərbaycanda Elçibəy hakimiyyəti dövründən geniş yayılmağa başladı. İndi isə bu cərəyan nəzərəçarpacaq dərəcədə möhkəm oturuşub: “Nurçular Azərbaycanın dövlət aparatına təsir ediblər, təsir edirlər və hələ uzun müddət də təsir edəcəklər. Bu, nə qədər qorxunc səslənsə də nurçular Prezident Administrasiyasından, Nazirlər Kabinetindən tutmuş ta polisə və xüsusi xidmət orqanlarına qədər hər yerdə təmsil olunurlar. Nurçuların Azərbaycanda öz universitetləri, liseylər şəbəkəsi, ticarət obyektləri var. Yəni onların mövqeyi çox güclüdür. Nurçular arasında dəmir intizam var. Onların hamısı öz imamları Fətullah Gülənə tabedir. Nurçu sektası öz adamlarını hələ məktəb partasından etibarən yetişdirir və pillə-pillə qaldırır. Onlara tərbiyə və təhsil verir, təhsil haqqını ödəyir, sonradan işlə təmin edir. Gənc nurçular çox savadlı və yaxşı təhsilli olurlar. Ona görə də onların dövlət aparatında iş tapması elə də problem deyil. Doğrudur, bu gənclər camaata mənsub olduqlarını səylə gizlədirlər. Ərdoğan düz deyir, nurçular sektası dövlətin içində dövlətdir. Sektanın rəhbərliyi yuxarı pilləyə çatan nurçunu heç vaxt unutmur. Hətta mən də iki gənc nurçunu Dövlət Komitəsinə işə götürmüşdüm. Onlar hələ də komitədə işləyirlər”.