Nüvədi sakinləri doğma torpaqlarına qayıtmaq istəyirlər - Müraciət

nuvedi-sakinleri-dogma-torpaqlarina-qayitmaq-isteyirler
Oxunma sayı: 2613

7 avqust 1991-ci ilə qədər Ermənistanda azərbaycanlıların kompakt yaşadığı sonuncu yaşayış məntəqəsi olan Nüvədi kəndinin sakinləri dünya birliyinə müraciət edərək  doğma torpaqlara qayıtmaq hüququnun təmin olunmasını istəyiblər. Sözügedən müraciət BMT Baş katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasının rəhbərinə, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarına, İslam Əməkdaşlıq Təşkilatının rəhbərinə, ATƏT-in hazırkı sədrinə, Avropa Şurasının Baş Katibinə, Avropa Şurası Parlament Assambleyasının Prezidentinə, UNESCO-nun baş direktoruna və İSESCO-nun rəhbərinə ünvanlanıb və 452 ailənin hər birinin imzaları müvafiq sübutlarla 55 vərəqdə təqdim edilib. 

Müraciəti imzalayanlardan biri də hüquq elmləri doktoru, professor Əmir Əliyevdir. Ə. Əliyev “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, müraciət iki istiqamətdə beynəlxalq təşkilatlara ünvanlanıb: “Birincisi, sakinlər tarixən qovulduqları öz dədə-baba torpaqlarına qayıtmaq istəyirlər. İkincisi, müraciətdə Nüvədinin çox böyük tarixi və dini abidələrinin olduğu qeyd edilib. Orada çox böyük mədəniyyət abidələri var. Bu abidələri bu gün cinayətkar Ermənistan dağıdıb. Nəyə görə biz onu gedib ziyarət edə bilmirik? Vaxtilə qonşu ərazilərdən bu mədəniyyət abidələrini ziyarət etməyə çox sayda insanlar gəlirdi. Bizi bu gün doğma kəndimizə getməyə qoymurlar. 

Ermənilər 300 ildən artıq tarixi olan Nüvədi kəndinin adını qeyri-qanuni olaraq dəyişdiriblər. Bizim kəndimizə qayıtmaq hüququmuz var.  Əmlakımız, mülkiyyətimiz orada qalıb. Tutaq ki, mən sabah Azərbaycan vətəndaşlığından çıxıb Türkiyə vətəndaşlığını qəbul edə bilərəm. Ancaq mənim əmlakıma, mülkiyyətimə heç kim toxunmamalıdır”.

Ə. Əliyev vurğulayıb ki, müraciətlə bağlı zərurət Zəngilan işğaldan azad edildikdən sonra yaranıb: “Zəngilan işğal altında olduğuna görə biz müraciət edə bilmirdik. Çünki bizim kəndimiz Zəngilanın yanındadır. İndi artıq Zəngilan qayıdıb, bizim təhlükəsizliyimizi təmin etməklə bağlı dəstək yaranıb. Biz də köklü xalq olaraq öz ərazimizə qayıtmaq istəyirik. Nüvədidə 1991-ci ilə qədər bir erməni yaşamayıb. İndi də cəmi 20-25 ailəni ordan-burdan yığıb kəndə köçürüblər. Oradakı bütün tarixi mədəniyyət abidələrini, qəbiristanlıqları darmadağın ediblər. Digər tarixi mədəniyyət abidələrimizi dağıdıblar. Biz də beynəlxalq qurumlara müraciət etmişik. Bundan sonra ermənilər abidələri daha sürətli şəkildə dağıtmağa başlayıblar. 

Müraciətimiz nəzərə alınmalıdır. ATƏT, Avropa Şurası nədən ötrüdür?! Bunların işi bizim hüququmuzu təmin etməkdən ibarətdir. Müraciətimiz təmin olunmasa, biz dəfələrlə, yenidən məsələni qaldıracağıq. Eyni zamanda, Ermənistana qarşı müəyyən iddialarımız var. Biz prosesdən geri çəkilən deyilik.  Doğma kəndimizə qayıdandan sonra birgə dinc şəkildə ermənilərlə də yaşaya bilərik. Bu, dəhlizin təhlükəsizliyi üçün də ciddi məsələdir”.

Qeyd edək ki, 1991-ci ilə qədər bir nəfər erməninin belə yaşamadığı Nüvədi kəndi 1929-cu ilə qədər inzibati ərazi bölgüsü cəhətdən Azərbaycanın Cəbrayıl qəzasına tabe olub. Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası fəhlə, kəndli, qızıl ordu və matros deputatları sovetlərinin Mərkəzi Komitəsi Rəyasət Heyətinin 18 fevral 1929-cu il tarixli iclasının qanunsuz qərarı əsasında Nüvədi kəndi Azərbaycan SSR-nin Cəbrayıl qəzasından Ermənistan SSR-nin Mehri qəzasının inzibati idarəetməsinə verilib.

Uzun müddət həmin sənəd rəsmən təsdiq edilməmiş, nəhayət 1969-cu ilin may ayında kəndin əhalisinin heç bir razılığı ifadə edilmədən Nüvədi kəndi Ermənistan SSR-nin Mehri rayonunun inzibati-ərazi vahidinə daxil edilib.

Sözügedən müraciətdə Nüvədi kəndinin sakinləri Azərbaycan xalqının multikultural və tolerant adət-ənənələrindən çıxış edərək dinc erməni xalqı ilə birgəyaşayış qaydalarına hazır olduqlarını bildiriblər. Onların öz doğma kəndlərinə qayıtmaq hüquqları beynəlxalq insan hüquqlarıyla bağlı sənədlərdə öz əksini tapıb. Belə ki, 1948-ci il tarixli Ümumdünya İnsan hüquqları Bəyannaməsi, 1951-ci il Qaçqınların statusu haqqında Beynəlxalq Konvensiya, 1966-cı il beynəlxalq paktları, BMT-nin 1998-ci il tarixli Məcburi köçkünlərlə bağlı Rəhbər Prinsipləri, BMT-nin İqtisadi və Sosial Şurasının 2005-ci ildə qəbul etdiyi Qaçqınlar və məcburi köçkünlər üçün ev və əmlak restitusiyası Prinsipləri və digər beynəlxalq sənədlər onların qayıtmaq hüququnu tam təsdiqləyir. 

Bildirək ki, Nüvədi kəndi qədim və zəngin tarixə malikdir. Kəndin ərazisində yerləşən tarixi “Sultan-Səlmə istehkamı”, o cümlədən “Baba Hacı”, “Abdulata”, “Tişneyni” və s. müqəddəs ziyarətgahları, nəhayət orta əsr qəbiristanlıqları, mükəmməl mühəndis konstruksiyalı yeraltı dəhnə və yerüstü kəhrizlər sistemi zəngin və qədim tarixlərdən yadigardır. Bu gün Nüvədi kəndinin tarixi adı dəyişdirilib və Nrnadzor adlandırılıb. Yer adları, coğrafi adlar da qeyri-maddi mədəni irsin bir hissəsidir və onların kütləvi şəkildə saxtalaşdırılması orada əsrlər boyu yaşamış insanların mədəni hüquqlarının birbaşa pozulması olmaqla toponimik soyqırımı adlı soyqırımı növüdür. Həmin ərazilərdə yerləşən tarixi, dini, memarlıq və mədəniyyət abidələrinin məhvi isə bilavasitə “mədəni soyqırımı” siyasətinin tərkib hissəsidir. 

Nüvədi kəndindən qovulmuş azərbaycanlılar öz əvvəlki tarixi yaşayış yerlərinə geri qayıtmalarına, Nüvədi kəndinin tarixi, mədəniyyət və dini abidələrinin qorunmasına dəstək istəyirlər. 

Günel Türksoy