Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “My Way” İnkişaf Mərkəzi Bakılı soydaşımız Alyona Bədəlova tərəfindən Nyu-Yorkda təsis edilmiş müstəqil qurumdur. Mərkəzin məqsədi əsasən gənclərin və yeniyetmə uşaqların bədii yaradıcılıq inkişafına yardım etməkdən ibarətdir. Mərkəzdə rəsm, foto, şahmat, dillər, rəqs və başqa dərnəklər fəaliyyət göstərir. Onlarda yüzə yaxın Nyu-Yorklu uşaq və gənc məşğul olur. İndiyədək Mərkəzin təşkilatçılığı, həmçinin Azərbaycan və Qafqaz yəhudiləri icmalarının birgə iştirakı ilə müxtəlif sərgilər, konsertlər, konfranslar, ədəbi-bədii gecələr keçirilib.
Sərginin açılışında iştirak edən Bruklin şəhər prezidenti Eric Adamsın müşaviri xanım İnqrid Luis Martin tədbir iştirakçılarını salamlayaraq təşkilatçılara fəxri fərmanlar təqdim edib, bundan sonra hər zaman Mərkəzə və istedadlı gənc rəssamlara dəstək olacaqlarını bildirib. Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Yaşar Əliyev sərgidə çıxış edərək bu mənalı tədbiri yüksək qiymətləndirdi, müstəqil dövlətimizin və doğma vətənimizin artan şöhrətinə öz paylarını qatan “My Way” İnkişaf Mərkəzinin rəhəri Alyona Bədəlovaya, “Meridian International Media” şirkətinin prezidenti xanım Pərvanə Abbaspura, tədbirin aparıcısı Fərrux Kərimova, diaspora fəallarından Yelena Raffloerə və digər təçkilatçılara sərginin hazırlanmasında çəkdikləri gərgin və səmərəli əməyə görə səmimi təşəkkür edib.
Sonda “My Way” İnkişaf Mərkəzinin rəgs studiyasının üzvləri olan balaca rəqqasə qızlar sərgi salonunda özünəməxsus bir şövqlə Azərbaycan və dünya xalqlarının rəqslərini ifa ediblər. Milli rəqsimiz olan “Qavalla rəqs” xüsusi marağa səbəb oldu və gurultulu alqışlarla qarşılanıb.
Qonaqlar, şəhər sakinləri və valideynlər balaca rəssamların okeanın o tayında alışdırdıqları Azərbaycana sevgi alovundan öz ürəklərində bir qığılcım payı aparıblar, Odlar Yurdunun füsunkarlığı barədə xoş təəssüratlarla ayrılıblar.
Son xəbərlər
Son Xəbərlər