“Neftçi”nin baş məşqçisi Samir Abasov UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Dinamo” (Tiflis) komandasına qarşı keçirdikləri ilk oyunu şərh edib.
“Qafqazinfo” xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı bu gün Tiflisdə baş tutan və 2:1 hesabıyla qalib gəldikləri matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Cütün taleyi həll olunub desək, yalan olar. İkinci oyun var. Dünən demişdim ki, oyun gərgin keçəcək. Fərqi də sizə demişdim ki, onlar həftəiçi oyunlar oynayırlar. Çempionluğa oynayırlar, hər oyun qızıl xaldı onlar üçün. Biz isə yoxlama görüşləri keçirmişik. Gizlətməyim ki, yoldaşlıq oyunlarla belə oyunların fərqini gördük.
Dünən uşaqlara dedim ki, buradan xarakterin hesabına yaxşı nəticə ilə getmək olar. Onlara təşəkkür edirəm, xarakter göstərdilər. Səfərdə belə komandaya qarşı keyfiyyətə yox, xarakterə arxalanmalısan. Bunu bacardıq. Amma ikinci oyunumuz var. Ciddi hazırlaşmalıyıq, ciddi rəqibə rast gəlmişik. Allah qoysa Bakıda başqa cür oynayıb, mərhələni keçən biz olarıq. Bugünkü günə vallah, bacaracağımız bu idi, kişiliyimizi, xarakteri göstərək. Görəcək işlərimiz çoxdur. Yeni oyunçular da görünür ki, yetərincə adaptasiya keçməliyik. Onlara da zaman lazımdır”.
- Bakıdakı oyunda nəyi dəyişmək istəyərdiniz?
- Bakıda çox şey dəyişməliyik. Bugünkü göstərdiyimiz oyun Bakıda keçərli olmayacaq. Belə oynamalı deyilik. Daha çox topa kontrol etməli, rahat oynamalıyıq.
- Sezar Meza Kollidən istədiyinizi ala bildiniz?
- Bu gün ən yaxşı verəcəyini, verdi. Bəzi epizodlarda əvvəlki Sezar idi. O, komandaya gec qoşulub, adaptasiya olmalıdır. Onun nə dərəcədə keyfiyyətli olduğunu bilirsiniz.
- Müdafiədə xaos var idi. Fasilədə nə dediniz onlara?
- Bəzi oyunçulara daha diqqətli oynamağı tapşırdım. Beşli müdafiədə yox, daha irəlidə oynayan oyunçularda xaos var idi, yerlərini düz bağlamırdılar, gecikirdilər. Ona görə çox epizod verdik rəqibə. İkinci yarı daha çox etdik. Bu gün üçün nəsə deməyim çətindir. Oyunçulara fərdi olaraq şeylər dedik, onun öhdəsindən gəldilər. Çox şeyi dəyişməliyik, amma bu günün söhbəti deyil.
- Namik Ələsgərov qollarını vurur. Ona görə daha çox müdafiədə güclənəcəksiz demək olar?
- Mövqelər var ki, orada güclənməliyik. Elə mövqelər var rəqabət yoxdu. Müdafiədə də var. Stankoviç ayağını tutdu, biz başımızı tutduq. Hücumda da güclənməliyik. İşlər gedir. Gecikirik hətta. Amma Namikin performansı bizi çox sevindirir. Keçən ildən davam edən yüksəlişdir. Allah qoysa, belə davam etsin. İnamı artır qol vurduqca. Güclənməliyik.
- İkinci hissədə rəqib əvəzetmələrilə tempi qaldırdı, amma biz əvəzetmələrlə cavab verə bilmirdik. Nə zaman aradan qalxacaq bu problem?
- “Dinamo”nun 5-6 oyununa canlı baxmışam, bir oyuna hətta 1-2 dəfə baxmışıq. Kim nəyə qadirdi bilirdik. Onlara meydana oyunçu buraxanda üzülürdük ki, rəqib daha çox atıldı hücuma, biz əks cavab olaraq daha çox qol vura bilərdik, sürətdə uduzduq. Dəyişikliklərlə bağlıdır. Konkret olaraq transferlərlə bağlıdır ki, klubumuzla sıx çalışırıq. Detalları şişirtməyək. İstəyirik oyunçular gətirək. Hətta ad da verə bilərəm danışıqlar aparmışıq, imtina etdilər. Gəlin bu gün o söhbətləri etməyək, bəlkə çox şey açılacaq. Onu vətəndə danışarıq.
- Dünən gərgin və həyəcanlı idiniz. Bugünkü qələbədən sonra azalıb, yoxsa yenə də qalıb bu?
- Ola bilər sözlərimdən siz bunu hiss etmisiz. Əgər siz belə görmüşdünüzsə dünən, düşünün məndə bu indi ikiqat artıb.
- Çempion olduğunuz heyət olsaydı, bu “Dinamo”ya qarşı daha rahat olardız, yoxsa indiki daha rahat idi?
- Həm o heyət qalsaydı, həm də bugünkü heyət, eyni əziyyəti çəkəcəkdik. Çünki rəqib güclüdür. Məncə, eyni məcrada keçəcəkdi. İlk oyunun gərginliyi idi.