“O cür şansı əldən verdikdən sonra...”

“O cür şansı əldən verdikdən sonra...”
Oxunma sayı:

“İlk növbədə hamını Qurban bayramı münasibəti ilə təbrik edirəm. Belə bir gündə məni dəstəkləyən hər kəsə minnətdaram”. 

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Şəhriyar Məmmədyarov Dünya Kubokunun 1\4 final mərhələsində Sergey Karyakinlə ikinci partiyada heç-heçə oynadıqdan sonra mətbuat konfransında deyib.

Bakıda keçirilən şahmat üzrə dünya kubokunun 1/4 final mərhələsinin ikinci görüşündə də şahmatçımız Sergey Karyakinlə heç-heçə edib.

Ş.Məmmədyarov bu gün baş tutan partiyanı belə şərh edib: “Problem ondadır ki, dünən çox asanlıqla qalib gələ bilərdim. O cür şansı əldən verdikdən sonra bu gün oynamaq çətin idi. Debütdə bu gün bir qədər qeyri-adi oynadım. Bu, xüsusi ilə Dünya Kuboku üçün hazırlanan bir gediş idi. Partiyanın gedişində anladım ki, vəziyyət elə də yaxşı deyil. Rəqibimin yalnız zamanı az idi. Karyakin də risk etmək istəmirdi. Ona görə ikimiz də düşündük ki, tay-brekə getsək yaxşı olar”.

Şahmatçımız qeyd edib ki, buna qədər sürətli şahmatda Karyakinlə çox üz-üzə gəlib: “Onunla çox oynamışıq. Bəlkə də aramızda 50-yə yaxın belə görüş baş tutub. Amma bu dəfə fərqli rapiddi. Sabahkı görüşlərimiz daha dəyərlidi. Sabah maraqlı oyun olacaq. Sürətli şahmatda Karyakin 2012-ci ildə, mən isə 2013-cü ildə dünya çempionu olmuşam”.

“Tay-breki futboldakı penaltilər seriyası ilə müqayisə etmək mümkündürmü” sualını Məmmədyarov belə cavablandırıb: “Olar. Amma futbolda 5 penalti yerinə yetirilir. Burada isə 2 görüş olur. Yəni, şans futboldakından azdı. Penaltilər seriyasında 1:3 uduzan komanda sonda qalib ola bilər. Amma tay-brekdə bu mümkün deyil. 1:3 uduzursansa, bu, sondur. Məncə, yarımfınal üçün 2 rapid acınacaqlı və çətindir”.

Şəhriyar Məmmədyarov sonda azarkeşlərin dəstəyindən söz açıb: “Evdə oynamaq hər zaman çətin alınır. Amma bu turnirə fərqli baxıram. Təbii ki, vətəndə oynadığımı tam unuda bilməmişəm. Amma əsas odur ki, bu dəfə vəziyyət fərqlidir. Bu dəfə daha çox azarkeş dəstəyi hiss edirəm. Azarkeşləri sevindirmək üçün var qüvvəmlə çalışıram. Hər matç sonuncu ola bilər. Qarşımdakı rəqib səndən zəif deyil. Hər oyunda qələbə qazanmağa çalışıram”.