“O epizoddan sonra komandamız “sındı””

o-epizoddan-sonra-komandamiz-sindi
Oxunma sayı: 818

Bu gün Topaz Premyer Liqasında XXIII turun qarşılaşmaları keçirilir.

“Qafqazinfo” futbolinfo.az-a istinadən xəbər verir ki, "Zirə" doğma meydanda "Neftçi"ni 3:0 hesabı ilə məğlub edib.

Zirə İdman Kompleksinin stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Əsgər Abdullayev məğlubiyyəti belə şərh edib:

- Oyuna pis başlamamışdıq. Üstünlüyümüz var idi. Amma bir göz qırpımında hər şey dəyişdi. Özünüz bilirsiniz, hansı epizodu nəzərdə tuturam.

- Necə hesab edirsiniz, Cavid İmamverdiyevə göstərilən ikinci sarı vərəqə ədalətli idi?

- Hakim qərarlarını müzakirə etmirik. Amma futbolçu cərimə meydançasında yıxılmayıb ki, deyəsən, penalti qazanmaq istəyir. Üstəlik, fikrimcə, həmin epizodda təmas var idi.

- Uzun illər futbol oynamısınız. Sizə elə gəlmədi ki, Fariz Yusifov Cavidin ilk sarı vərəqə aldığını unutmuşdu və bu səbəbdən də yalnız 2-ci rəsmi xəbərdarlığı etdikdən sonra xatırladı ki, yarımmüdafiəçinin passivində "sarı" var idi?

- Bunu dəqiqliyi ilə söyləyə bilmərəm. Ancaq fakt budu ki, məhz həmin epizoddan sonra komandamız "sındı". Fasilədən sonra rəqibi əks-hücumlarda yaxalayaraq, fərqlənməyə çalışsaq da, buna nail olmadıq.