Avropa heyranlarından deyiləm. Parisə, Londona, Romaya, Vayanaya yaxud da Daşkəndə, Almatıya, Aşxabada, Düşənbəyə, Kazana, Ufaya, hətta uzaq Yakut və ya Novosibirsk, Kızıl şəhərlərinə səfər etmək seçimi qarşısında qalsam mən Türk xalqlarının yaşadıqları şəhərləri seçərəm.
Çünki görmək istədiyim alimlərin və oxumaq istədiyim kitabların çoxu həmin şəhərlərdədir. Ehtiyac duyuram ki, o yerlərə tez-tez gedəm, ixtisasımla bağlı alimlərlə görüşəm, yeni çap olunan ədəbiyyatları alam gətirəm.
Amma iş elə gətirdi ki, böyük həvəslə Fransanın Ruoen şəhərinə gedəsi oldum. Orada keçirilən 17-ci Beynəlxalq Türk Dilçiliyi Konfransı məni özünə maqnit kimi çəkdi. Bu konfrans haqqında xeyli bilgim vardı. Hər dəfə fərqli bir şəhərin ali məktəbində keçirilən konfrans elm aləmində lazımi nüfuz qazanmışdı. Toplantılarına tanınmış elm adamlarının qatıldığı və ciddiyəti ilə gənc alimləri bir az da tərəddüdə məcbur edən konfransa qatılmaq üçün mən də qatılım formu və məruzəmin özətini (xülasəsini) göndərdim. Bir-neçə ay sonra məruzəmin özəti hakimlərin rəyindən keçdi və konfransa dəvət olunduğum haqqında bilgi alanda hədsiz sevindim. Toplantıda edəcəyim məruzə üzərində ciddi işlədikdən sonra onu ingilis dilinə tərcümə edib Avropada yaşayan, ingilis dilini məndən yaxşı bilən rəfiqəmə redaktə etdirdim.
Beləcə Fransaya getməyə tam hazır olsam da, içimdəki nigarançılıq hələ də qalırdı. Çünki məsafənin uzaq olması ilə yanaşı, həm də Fransa hökuməti olduqca ciddi Viza rejimi tətbiq edir. Belə ki, Viza üçün tələb olunan sənədlər o qədər ağırdır ki, ya bu sənədləri yığmaqdan bezib geri çəkilməli olursan, ya da bir araya gətirmək imkansız olur. Çünki Viza üçün tələb olunan sənədlərdə az qala bütün nəsil şəcərənin tərcümeyi-halını istəyirlər. Bu öz növbəsində həm yaxşı, həm də olduqca alçaldıcı bir haldır. Hər addım başında insan haqlarının qorunmalı olduğunu vurğulayan bir ölkənin bu cür insan haqlarını tapdalayacaq tələblər irəli sürməsi çox qəribədir. Uzun çək-çevirdən sonra sənədləri bir araya toplayıb “rədd” cavabı almaq da başqa bir əziyyətir. Rədd cavabı verəndə də heç olmasa, viza, sğorta və s. üçün ödənmiş pulları geri qaytarmırlar.
2014-cü il sentyabrın 3-də Fransanın Rouen şəhərində təşkil olunmuş 17-ci Beynəlxalq Türk Dilçiliyi konfransında iştirak etmək üçün uzun müddətli və üzücü Viza işləmindən sonra, nəhayət ki, bu şəhərə doğru üz tuta bildim.
Adətən mən Azərbaycan və ya Türk hava yollarının xidmətindən istfiadə etməyə üstünlük verirəm. Ancaq onların bileti baha olduğundan bu dəfə Ukrayna hava yollarından almalı oldum. Bu da o demək idi ki, Kiyev üzərindən uçmalı olacağam. Bir qədər tərəddüd etsəm də geriyə yol yox idi.
Sentyabrın 2-də səhər saat 06:40-da Bakıdan Kiyevə uçan təyyarə ilə yola düşdüm. 2 saat 25 dəqiqəlik uçuşdan sonra təyyarəmiz Kiyev şəhərinə endi. Burada bəzi müşahidələrim oldu. Havalimanında pasport kontrol zamanı rüşvət alış-verişi var idi. Bu hal o qədər üzücü idi ki, sevindim ki, respublikamızda heç olmasa, havalimanında bu hal aradan qaldırılıb.
İki saatlıq transferdən sonra Kiyevin Borispol havalimanından Parisin Şarl De Qoll havalimanına hərəkət edən təyyarə ilə yola düşdük. Təyyarədə Fransada ali təhsil alan Afşin adlı İranlı – fars bir tələbə ilə tanış oldum. Keçmişdən bəri farslar türk dilini türklər fars dilini bilib, bir-biri ilə rahat danışsa da, biz ənənədən uzaqlaşıb ingiliscə söhbət edirdik. Azərbaycan mətbuatında oxuduğum bir çox yazıların təsirinə düşərək mənə elə gəlirdi ki, farsların hamısı türklərə nifrət edir və farslarla türklər arasında bir qatı düşmənçilik var. Ancaq Afşinlə söhbətdən anladım ki, heç də farsların hamısı türklərin düşməni deyil. İranda irticaçı hökumət var və ölkədə fars da, türk də, kürd də bundan əziyyət çəkir. Afşin ilə yol boyu türklər haqqında maraqlı söhbət etdik. Nəhayət 3 saatlıq uçuşdan sonra Şarl de Qoll havalimanında endik. Burada bu günə qədər heç qarşılaşmadığım bir durumla üz-üzə gəldik. Belə ki, bir saata yaxın təyyarə ilə havalimanı arasındakı trapda qaldıq. Bu mənim ilk dəfə qarşılaşdığım bir vəziyyət idi. Üstəlik Şarl De Qoll kimi saniyənin belə düşünüldüyü bir havalimanında belə bir hadisənin olması onu göstərir ki, Şərqdən gələn təyyarələrə müəyyən mənada biganəlik var. Bu çox üzücüdür. Xüsusilə, Fransa kimi insan haqlarını qoruyan bir ölkədə sadəcə ikili standartdır deyə düşünürəm.
Əvvəllər xarici ölkələrdə təşkil olunan simpoziumlara gedən elm adamlarımızın çoxu səfirliklərimizin bu işə “barmaqarası” baxdığından şikayətlənirdilər. Son illər bu sahədə, deyəsən, xeyli irəliləyiş baş verib. Səfirliklərimiz xaricə gedən elm adamlarına xüsusi diqqət və qayğı göstərirlər. Arzu edərdim ki, bütün ölkələrdəki səfirliklərimiz də Fransadakı səfirliyimiz kimi elm və mədəniyyət xadimlərinə diqqət yetirsinlər və qayğı göstərsinlər. Şarl de Qoll havalimanında məni Azərbaycanın Fransadakı səfirliyinin nümayəndəsi Ayaz Qocayev qarşıladı. Biz Paris şəhərindən Rouen şəhərinə doğru yol aldıq. Yol az qala meşəyə taxılmış gərdanlığı xatırladırdı. Burada asfalt yol çəkərkən çalışıblar ki, təbii landşaftı çox da pozmasınlar. Bu da göz oxşayan bir gözəllik, ruh rahatlığı yaradırdı. Bunları görəndə düşündüm ki, kaş Azərbaycandakı yolların kənarında çəkilmiş hasarlara qoyulan vəsaiti yaşıllıqların salınmasına xərcləyəydilər. Hasarla insanı təbiətdən ayırmayaydılar. Dünyanın hər yerində insanla təbiətin vəhdətini yaratdıqları halda, bizim yol kənarındakı hasarlar insanı dənizdən, meşədən, yaşayış məntəqəsindən, bir sözlə, təbiətdən ayırır. Adamda elə təsəvvür yaranır ki, sanki bizimkilər imkanları olsa, yolun üstünü də örtərlər ki, buradan göyün üzü də görülməsin. Belə düşüncələrlə təxminən 2-3 saat getdikdən sonra mənzil başına çatdıq.
3 sentyabr 2014-cü ildə saat 10:00-da Rouen universitetində 17-ci Beynəlxalq Türk Dilçiliyi simpoziumu öz işinə başladı. Simpoziumun açılış toplantısında Rouen universitetinin rektoru professor, doktor Cağfer Özkul və Türkiyənin Fransadakı səfiri Hakkı Akil çıxış etdilər. Daha sonra həm universitetin professorları, həm də xarici ölklərdən dəvət edilmiş professorlar təbrik nitqi söylədilər. Açılış toplantısının ardından seksiyalar üzrə iclaslar keçirildi. Fulya Akman Acungilin “Erməni hərfli Qıpçaq Türkçəsi mətinlərində fel + {-ma}/{-me} + şəkilçisi ve modallıq anlamları” adlı məruzəsi diqqətimi çəkdi. Birinci gecənin sonunda “The Europian Azerbaijanian (Avropa azərbaycanlılıarı)” təşkilatının və Azərbaycanın Fransadakı səfirliyinin sponsorpluğu ilə bəstəkar Pyer Thilloyun rəhbərliyində möhtəşəm konsert keçirildi.
Bəstəkar əvvəlcə Fransa, Türkiyə və Azərbaycan klassik musiqilərindən örnəklər çaldı. Bu çox nadir hadisələrdən biri idi. Həm Fransa, həm də Azərbaycan və Türkiyə klassik musiqilərini ifa etməklə musiqinin xalqları birləşdirdyini vurğulamış oldu. Bunu öz çıxışında belə ifadə etdi: “Bu musiqini dinləmək bizə kömək edəcək ki, digər kültürləri də öyrənək və hələ də birlik üçün, bərabərlik üçün gec olmadığının fərqinə varaq. Məsələn, bizim konsertimiz Mozartın, Türkiyəli bəstəkar Hasan Hüseynin və Azərbaycanlı bəstəkar Qara Qarayevin musiqiləri əsasında təşkil edilib. Bu konsert dərk edilmək üçün deyil, ruhunla hiss etmək üçündür”. Daha sonra Pyer Thilloy Xocalı faciəsinə həsr olunmuş “Khojaly 613” əsərini səsləndirdi. Dinlədikcə musiqi məni məndən aldı. Ürəyim sürətlə döyünməyə başladı. Əsər o qədər uğurlu alınmışdı ki, sanki bəstəkar o dəhşətli gecədə Xocalıda idi və oradakıların müsibətini özü yaşamışdı. Musiqi inanılmaz dərəcədə dinləyicini öz ağuşuna alıb apardı. Pyer Thilloy yenə çıxışında bunu belə açıqladı: “Xocalı 613 əsəri... Bir çoxlarınızın tarixin qaranlıq səhifəsi olan Xocalıdan xəbəriniz var. Bu faciəni, haqsız yerə orada öldürülmüşlərin səsini dünyanın hər yerindəki insanlara eşitdirmək üçün belə bir musiqi bəstələdim. Beləliklə də öz insanlıq borcumu yerinə yetirmiş oldum”. Bu bəstəkara heyran olmamaq əldə deyildi. Min kilometrlərlə uzaq məsafədən insanların ruhunu duymaq, oxşamaq çox böyük məharətdir. Nə yaxşı ki, dünyanın uzaq bir yerində bizi anlayan, duyan insanlar var. Bunu bilmək belə güc, qüvvət verir insana. Dərdlərini azaldır. Konsertin sonunda Pyer Thilloya yaxınlaşdım, əvvəlcə təşəkkürümü bildirdim, daha sonra Xocalını bu qədər yaxından necə tanıdığını soruşdum. Məlum oldu ki, Pyer Azərbaycan mədəniyyəti ilə yaxından maraqlanır, tez-tez Bakıya gəlir və araşdırmalar aparır. O Azərbaycanı çox sevir, uğradığı haqsızlığı da qınayır. Bu konfransda Pyer Thilloyun kompoziyasının səslənməsi belə bir simpoziumun erməni lobbisinin güclü olduğu Fransada keçirilməsi mənim üçün gözləniləmz idi. Belə məlum oldu ki, yaradılmış imicin əksinə, Fransada türkləri sevən çox insan var. O gecə gözəl təəssüratlarla otelimə qayıtdım. Fransadakı ilk günüm surprizlərlə və təəccüblərlə keçmişdi.
Sonrakı iki gün isə yenə bir-birindən dəyərli məruzələr dinlədik. Bu məruzələrdən Prof. Dr. Eva Agnes Csato-Johansonun “Türk qohumluqlarına yeni baxış”, Zita Zareikarın “Azərbaycan dilində bölünmələr” mövzulu məruzələri xüsusilə qeyd etmək istədrim. Sentyabrın 5-də, yəni simpoziumun üçüncü günü isə mən “Qumuqca keçmişdə və bu gün” adlı məruzə ilə çıxış etdim. Açığını deyim, gözləmirdim ki, məruzəm diqqətlə dinlənib müzakirə mövzusuna keçiriləcək. Tanınmış alimlərin mənə sual vermələri içimdə bir narahatlıq yaratsa da, istədiyimə nail olduğum üçün rahat idim. Xüsusilə, Əhməd Bican kimi Azərbaycan və bütün Türk dünyasında tanınmış alimin mənim məruzəmi dəyərləndirməsi çox qürurverici idi.
Üçüncü, yəni sonuncü günün şam yeməyini Fransadaki Türk kültür mərkəzində yedik. Bir haşiyəyə çıxım ki, Türkiyəlilərin hər fürsətdə birləşmək istəkləri, bir araya toplaşmaqları olduqca təqdirəlayiqdir. Dünyanın harasında olurlarsa olsunlar, bir araya yığışmaq üçün bəhanələr axtarırlar. Yenə də yemək əsnasında öyrəndik ki, Fransada da Türkiyəlilər hər zaman bir yerə toplaşırlar. Bu çox sevindirici hal idi.
Simpoziumun təşkilatının əsas ağırlığını Mehmet Ali Akıncı daşıyırdı. Fransa səfərimdən ən böyük qazancım isə buradakı Hacı Ahmet Özkaya və Hacı Miyasə Özkaya ilə tanış olmağımdır. Ata babaları Türkiyə türkü olan, fransada doğulub orada ailə quran bu insanlar sanki Türkiyədən bu gün gəliblər. Dini, dili, kültürü fərqli bir məmləkətdə böyüməklərinə rəğmən, yenə də dəyişməyiblər. Rouenda oxumağa gələn türk tələbələrinin əksəriyyəti bu ailəni çox yaxşı tanıyır onların evinə gedib gəlir, dara düşəndə isə ilk bu ailəyə müraciət edirlər. Çünki onların köməklərini əsirgəməyəcəklərini bilirlər. Hacı Ahmet və Hacı Miyasenin Fransa kimi bir yerdə üç uşağı var. Hər üçü də ali təhsil alır. Gözəl tərbiyələnmiş evladlardır. Mənim Azərbaycandan gəldiyimi öyrəndikdə isə xüsusilə, yaxınlıq göstərdilər. Sanki evlərinin qızı kimi davrandılar. Hətta onlar öncədən mənə yazmışdılar ki, otelə pul ödəməyim və Fransada qalacağım günlərdə onların evində yaşayım. O qədər səmimi və mehriban olmuşduq ki, sağollaşarkən sanki illər uzunu birlikdə yaşadığım insanlardan ayrılmış kimi hiss edirdim.
Sentyabrın 6-da səhər saat 9 radələrində Rouen şəhərindən Parisə yol aldıq. Paris küçələrinin zibilini, səliqəsizliyini gördükcə bu şəhər haqqındakı təəssüratlarım alt-üst oldu, amma yenə də bir doğmalıq hiss etdim. Belə ki, Bakının zibilli küçələri heç də Parisdən geri qalmır. Ancaq maraqlı bir məqam odur ki, Bakının mərkəzi küçələri təmizdir. Parisin isə hətta mərkəzi küçələri də zibillidir. Evlərin tikilişi, arxitekturasına gəldikdə isə yenə Bakını xatırladır. Belə ki, hər iki şəhərin binaları gah alçaq, gah yüksək şəkildə tikilib. Şəhərsalmada hansısa ardıcıl bir plan gözlənilməyib. Bu şəhərlərin bənzərlikləri ilə bərabər kəskin ziddiyyətləri də var. Parisdə hər kəs güclü qanunun varlığını hiss edir və buna əməl edir. Bakıda isə hər kəs qanundan nə qədər güclü olduğunu hiss edir. Bu da bəzi məqamlarda bizi inkişafdan geri salır. Fransızlarla ümumi fərqlərimiz isə odur ki, biz heç bir gərək duymadan öz “elitarlığımızı göstərmək üçün” gərəksizcə rus dilində danışırıq. Ancaq hətta ingilis dilini bilən fransızlar belə küçədə çarəsiz qalmış və sadəcə bir-neçə günlüyünə qonaq gəlmiş turistə fransızcadan başqa dildə cavab vermir. Beləliklə də həmin turisti vadar edir ki, növbəti dəfə Fransaya gedərkən fransızca öyrənsin. Bu da bu insanların mənəviyyatını nə dərəcədə qoruduqlarını göstərir. Digər böyük fərqimiz isə odur ki, onlarda ictimai mənafe güclüdür, bizdə şəxsi. Məsələn, biz evimizin içini gül ətri gələcək dərəcədə tər-təmiz saxlayarıq, ancaq küçəni zibilləyərik. Fransızlar isə evlərini çirkli saxlasalar da, küçəni əsla zibilləməz, hətta küçənin gözəl olması üçün nə lazımdırsa, səmimiyyətlə edərlər. Biz azərbaycanlılar bu incə fərqləri dərk etdiyimizdə inanıram ki, bütün dünyanın qibtə ilə seyr edəcəyi bir ölkə ola bilərik. Əlbəttə bu mənim arzum, istəyimdir. Və o əlçatmaz deyil, sadəcə qaranlıqdadır.