O gündən bir il keçir...

o-gunden-bir-il-kecir
Oxunma sayı: 3780

Azərbaycanda koronavirusa ilk yoluxma halının qeydə alınmasından bir il ötür.

“Qafqazinfo” xəbər verir ki, 2020-ci il fevralın 28-i Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə koronavirusa ilk yoluxma faktının qeydə alındığını açıqlayıb.

Məlumatda yoluxan şəxsin Rusiya vətəndaşı olduğu, İrandan Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətlərinin müəyyən edildiyi, xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirildiyi bildirilirdi.

Aparılmış müayinələr və testlər nəticəsində koronavirus testinin müsbət nəticələndiyi də açıqlamada yer almışdı.

Qeyd edək ki, bir il ərzində ölkə ərazisində koronavirusa 234267 yoluxma halı qeydə alınıb, 3218 nəfər vəfat edib. Ümumi sağalanların sayı isə 228651 nəfərdir. Bir il ərzində aparılan test sayı isə 2591235 -dir.

Ölkə ərazisində COVID-19-a yoluxmada pik hədd dekabrın 13-də qeydə alınıb. Həmin günə qeydə alınan statistikaya görə, ölkə üzrə yoluxanların sayı 4451 nəfər olub. 4283 nəfər sağalaraq evə buraxılıb, 39 nəfər ölüb.

Statistikaya görə, ölkə ərazisində ən çox yoluxma faktı Bakı şəhərində, paytaxt üzrə ən çox yoluxma faktı isə Binəqədi rayonunda qeydə alınıb.

Virusun geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində 2020-ci il 14 mart tarixindən sosial izolyasiya qaydaları tətbiq olunur.

Martın 24-dən xüsusi karantin rejimi elan edilib. Həmçinin, ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən, mədəni-idman tədbirləri təxirə salınıb. Elə həmin tarixdən etibarən də toy və yas məclislərinin keçirilməsi qadağan edilib.

Bundan əlavə, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılıb. İnsanlararası təmaslarda vətəndaşlar tərəfindən iki metrlik məsafənin saxlanılması tövsiyə edilib. Hazırda həm açıq, həm də qapalı məkanlarda maska taxılması məcburi xarakter daşıyır.

Gülnar Əliyeva