“O gündən Qarabağ mövzusuna qayıtmadı...”

o-gunden-qarabag-movzusuna-qayitmadi
Oxunma sayı: 2393


"Qafqazinfo" həmin yazını təqdim edir:

Türkiyənin Xarici işlər naziri Əhməd Davudoğlu bir neçə il öncə Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə təşəbbüslə çıxış etmişdi. Təşəbbüsün məğzi ondan ibarət idi ki, Ermənistan Dağlıq Qarabağ ətrafında işğal etdiyi əraziləri boşaldan kimi bu ölkə Azərbaycan və Türkiyə ilə nəqliyyat layihələrində iştirak edəcək. Ancaq o zaman İrəvan və onun arxasında dayanan Moskva Davudoğlunu bu təşəbbüsünə diqqət yetirmədi. Bundan sonra Davudoğlu Qarabağ mövzusuna qayıtmadı.

Rusiyanın Krımı işğal etməsinin və Ukraynada faktiki vətəndaş müharibəsinin başlamasının ardından Türkiyənin xarici işlər naziri Qarabağ istiqamətində yenidən fəallaşıb. Ankara yenidən Irəvana mesaj yollayır. Bu mesajların məzmunu eynidir: Dağlıq Qarabağ ətrafındakı rayonları azad edin, bundan sonra Türkiyə Ermənistanla hərtərəfli əməkdaşlığa başlasın. Davudoğlu bu məsələdə rəsmi Bakının da razılığını alıb. Yəni faktiki hazırda Ankara-Bakı tandemi işə düşüb. Bu tandem Ermənistanı şirnikləndirməyə çalışır.

Amerikalı diplomatların son zamanlar tez-tez ifadə etdikləri “Azərbaycanın 7 rayonu azad edilməlidir” sözləri də Ankaranın diqqətini çəkib. Davudoğlu hiss edir ki, Vaşinqton da Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərir. Ona görə də Ankara Cənubi Qafqazdakı maraqları uğrunda mübarizədə Vaşinqtondan geri qalmaq istəmir.

Ankarada düşünürlər ki, indiki halda Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya-Türkiyə tandemi ABŞ-Türkiyə tandemindən daha yaxşı nəticələr əldə edə bilər. Bunun iki səbəbi var:

Birinci səbəb: ABŞ-dan fərqli olaraq Rusiyanın Ermənistana təsir imkanları çoxdur. Deməli, Yerevan Vaşonqtonun deyil, Moskvanın təlimatlarını qəbul edə bilər.

İkinci səbəb: Türkiyənin Rusiya ilə iqtisadi, ticarət və enerji əməkdaşlığı ABŞ-la eyni sahələrdə əməkdaşlıqdan daha dinamik inkişaf edir. Ankara Kırımın işğalını qəbul etməsə də, bəzi digər geosiyasi məsələlərdə Rusiya ilə eyni mövqedən çıxış etməyə hazırdır.

Buna görə də Əhməd Davudoğlu Dağlıq Qarabağ münaqişəsinin həllini Vaşinqtonda deyil, Moskvada axtarır. Davudoğlunun mayın 27-də Moskvaya səfəri də bundan xəbər verir. Davudoğlu Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla müzakirələrin əsas hissəsini Dağlıq Qarabağ münaqişəsinin həllinə həsr edib. Davudoğlu Lavrovla birgə keçirdiyi mətbuat konfranslnda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün yaxşı şəraitin yarandığını deyib.

Beləliklə, Davudoğlu Kremli Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə inandırmağa çalışır. Davudoğlunun Kremlə mesajı təxminən belədir: Ukrayna hadisələri beynəlxalq aləmdə Rusiyanın imicinə mənfi təsir edib, Moskva sanksiyalarla üzləşib. Əgər Kreml Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə Ermənistana təzyiq edib 7 rayonun boşaldılmasına nail olsa, bu hamının, o cümlədən Rusiyanın xeyrinə olacaq. Yəni Rusiyanın Krımı işğal etməsiylə beynəlxalq aləmdə korlanan imici Dağlıq Qarabağ probleminin həllinə verdiyi dəstəklə kompensasiya olunacaq.

Ankara topu Moskvanın meydanına atıb. Cavab addımı Kremlindir. Rusiya hakimiyyətindən yeganə istək Ermənistanı münaqişənin mərhələli həllinə razı salmaqdır. Moskva belə bir addım atarmı? Ən vacib sual budur. Çünki, Moskvaya əvvəllər də oxşar mesajlar göndərilib, ancaq Kreml Ermənistanın işğalçı siyasətinə dəstək verməyi Dağlıq Qarabağ münaqişəsini həll etməkdən üstün tutub.

Əhməd Davudoğlu Moskvaya Bakıdan getmişdi. Türkiyənin xarici işlər naziri Bakıda bir başqa problemin həllində vasitəçilik edirdi. Mayın 26-da Bakıda Azərbaycan, Türkiyə xarici işlər nazirləri bir araya gəldi. Davudoğlu Bakı ilə Aşqabad arasındakı problemlərin həllində də vasitəçilik təşəbbüslərini həyata keçirir. Nazirlərin görüşünün yekunu olaraq birgə bəyanat qəbul edildi. Bəyanatın ən vacib bəndlərindən biri bu oldu: “Azərbaycan, Türkiyə və Türkmənistan enerji və nəqliyyat layihələrinin vacibliyini vurğulayaraq, sözügedən sahələrdə əlaqələrin genişləndirilməsinin, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsinin təminatı məqsədilə birgə irimiqyaslı layihələrdə işitrakın əhəmiyyətini qeyd ediblər”.

Bu bənd ondan xəbər verir ki, Aşqabad Xəzərin dibi ilə boru xəttinin çəkilməsi və qazının Azərbaycan və Türkiyə üzərindən Avropa bazarına daşınması ideyasından geri çəkilmir. Əksinə, Transxərəz boru xəttinin tikintisi və maliyyələşdirilməsi məsələsi həll olunarsa, Aşqabad Azərbaycan və Türkiyə ilə birgə layihədə iştirak etməyə hazırdır. Nazirlərin növbəti görüşü 2014-cü ilin ortalarında Aşqabadda keçiriləcək. Deməli, bu mövzu növbəti görüşdə bir az daha genişlənəcək. İndi önəmli olan bu prosesə Avropa Birliyinin həm siyasi, həm də maliyyə dəstəyini artırmasıdır. Çünki, Moskva və Tehran Xəzərin statusunun müəyyənləşmədiyini əllərində bəhanə tutaraq, əvvəlkitək Transxəzər boru xəttinin tikintisi ideyasına mane olurlar. Bu maneənin aşılmasında Ankara, Bakı və Aşqabadın Avropa Birliyinin siyasi və maliyyə dəstəyinə ehtiyacı var. Transxəzər boru xəttinin tikintisi nə Azərbaycan, nə də Türkmənistan maliyyələşdirəcək. Bu layihəyə Avropanın maliyyə qurumları pul ayırmalıdırlar.