“Trabzonspor” klubunun prezidenti Muharrem Usta dünən “Qalatasaray”a 1:2 hesabı ilə uduzub 4 qırmızı vərəqə aldıqları matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
“Qafqazinfo” xəbər verir ki, klub rəsmisi ən çox Salih Dursunun hakim Dəniz Ateşə qırmızı vərəqə göstərməsindən danışıb.
Usta bildirib ki, Salih qırmızı vərəqə ilə türk futbolunun bugünkü durumuna etiraz edib: “Salih Dursun Türkiyə futbolunun bugünki durumuna qırmızı vərəqə göstərib. O, haqsızlığa qarşı üsyan simvolu oldu. Bizim üçün qara bir gecə idi. Artıq futbolumuzda nələrisə dəyişməliyik. Bizim qapımızda Onur, komandamızda şərəf var. Məncə, şərəfli yaşamağı öz övladlarımıza da öyrətməliyik. Bizim “Qalatasaray”a uduzmağımıza səbəb Özər Hurmacıya göstərilən qırmızı vərəqə idi. Bu qədər hadisələr baş verdiyi halda hakim 1 dəqiqə əlavə etdi. Onu da sona qədər oynamadılar. Bu matç teatr idi. Dəniz Ateşə burdan səslənirəm ki, getsin fitnes zalını işlərsin. Onun hakimliyi bitib. Bu hakimin arxasında kimlər dayanır onu axtarmaq lazımdır. Problem təkcə Dəniz Ateş deyil, başqaları da var bu siyahıda”.
“Trabzonspor” prezidenti günahı Türkiyə Futbol Federasiyasında (TFF) və Mərkəzi Hakimlər Komitəsində (MHK) görüb: “Onlar belə hadisələrin qarşısını almalıdırlar. Bütün dünya bu rəzalətdən danışır. MHK-dən soruşuram ki, Türkiyəni dünyaya necə belə rəzil edirsiniz? Heç vicdan yoxdur? Hakimi vicdanı ilə baş-başa buraxıram. Penalti verilən zaman Onurun qapıdan çıxması üçün ona xəbər göndərdim. Amma heyif ki, xəbər çatana qədər artıq penalti vurulmuşdu”.
Son xəbərlər
Son Xəbərlər