“Yaxşı adamlar bu dünyada aslan təbiətli olurlar, pis adamlar isə it təbiətli. İt tapdığını ordaca yeyər, aslan isə şikarını başqa yerə aparar”. Bugünkü reallıq göstərir ki, dünyada itlərin sayı aslanlardan çoxdur.
Müsəlman üçün 5 vacib əməl (haqqı dildə iqrar edib ürəkdə təsdiq etmək, namaz, oruc, zəkat, Həcc ziyarəti) var. Həcc isə varlı, imkanlı adamlara ayırdir. “Qabusnamə”də belə bir şeir var:
Yar məni çağırmayıb, yer vermirsə eyvanda,
“Yoxsulsan, gəlmə” deyib xar edirsə hər yanda,
Onda təqsir görməyin, bax o böyük Allah da,
Öz evinə çağırmır insan yoxsul olanda.
Bircə məqamda sənət mənimçün dindən “üstündür”, ədəbiyyat müstəvisində pul seçilməyə, daha üstün olmağa tam mənada kömək edə bilmir.
Yuxarıdakı fikrimi təkzib də etmək olar: Dinlə sənət arasında oxşarlıq da var əslində: Sənət “Kəbəsi”ni də zənginlər ziyarət edir, ...vicdan, istedad, zəhmət milyonçuları...
***
Xatirələrimi yazıram. Hərdən açıb zəmanəmizin şahidi etdiyi pis hadisələri – yaltaqlıq, haram, vəzifə düşkünlüyü, mane olmalar və s. – eləcə də onların icraçıları barədə oxuyanda mənə elə gəldi ki, bu faktlar barədə bir az ədalətsizəm, dedim yəqin kənar gözlə, daha sərt həqiqətlərlə yazmışam. İçimdəki narahatlıq daha da böyüdü və götürüb eyni faktları həmin kəslərin - birinci şəxsin dilindən yazdım. Sanki onlar özləri “etiraf kəcavəsi”ndə oturub həqiqətləri danışırlar.
Bir müddət sonra həmin yazıları oxuyanda gördüm ki, birinci şəxsin dilindən yazılanda həmin həqiqətlər daha çılpaq və iyrəncdir. Onda başa düşdüm ki, əslində hamı neylədiyini qəlbinin dərinliyində çox yaxşı bilir...
***
İstanbulda olanda Orxan Kamalın oğlu Işık Öğütçüdən müsahibə alanda belə bir sual verdim:
- Orxan Kamal ayrı-ayrı vaxtlarda həbs olunanda, solçulara qoşulanda ananız ona “bəsdir, yığış bu işlərdən” demirdi ki?
Yazıçının oğlu isə belə cavab verdi:
– Yox. Bizim ailəmizin qəhrəmanı anam idi.
Məncə, bizim ədəbiyyatda həm də “ailəmizin qəhrəmanı” çatışmır. Əksərən bizim reallığımız, məişətimiz “islah koloniysı”, doğmalarımız isə həmin koloniyanın “zabit”ləri olurlar...
***
Moskvada Mixail Bulqakovun ev muzeyində olanda öyrəndim ki, muzey təsərrüfat hesablıdır. Düşündüm yəqin yazıçıya öz dövründə olan represiv münasibət bu və ya digər şəkildə davam edir. Giddən soruşdum ki, niyə bu muzeyi dövlət maliyyələşdirmir? Gidsə qətiyyətlə dedi: “Daha onu öz evində rahat buraxıblar”.
***
Bir dəfə bir ədəbiyyatçı “dost” dedi ki, mənim daha uşağım var, ailəm var, mən daha nə yaltaqlıq eləsəm, nə yazsam məqbuldur.
Qəribədir, bizim zəmanəmizdə Tanrının mükafat kimi nəsib etdiyi ad-san, istedad, ailə, vəzifə və s. nemətlər, bir vaxtdan sonra vicdansızlığa bəraət sipərinə çevrilir. Özü də belə məsələlərdə niyyət çox vacibdir...
***
Son xəbərlər
Son Xəbərlər