Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv olunması ilə bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, iclasda çıxış edən deputat Siyavuş Novruzov bildirib ki, Azərbaycanın həmişə qonşu dövlətlərə münasibəti yaxşı olub: “Ancaq Rusiyanın bəzi dövlət məmurları öz şəxsi maraqlarını ümumdövlət maraqlarından üstün tutur. Bu da münasibətlərə zərər vurur. Azərbaycanda rusdilli məktəblər, bağçalar var. Biz öz neytrallığımızı qoruyub saxlayırıq. Ancaq bununla yanaşı biz bunun qarşılığını görmürük. Sanki Rusiya bütün işlərini görüb başa çatdırıb, qalmışdı bir Azərbaycanla bağlı məsələ.
Mən komitə sədri olaraq Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının qanunauyğun fəaliyyət göstərməsi ilə bağlı hesabat vermələri üçün aidiyyatı qurumlara müraciət edəcəm. Bu ictimaiyyəti narahat edən məsələdir. Rusiya dövlət başçısının da bu məsələyə münasibəti olmalıdır”.
Spiker Oqtay Əsədov qeyd edib ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarda Rusiyanı həmişə dəstəkləyib: “Elə bil QHT tapa bilməzsən ki, onun sənədlərində nöqsan olmasın. Rusiya həm də Minsk qrupunun üzvüdür. O həmişə öz tərəfsizliyini nümayiş etdirməlidir. Ancaq təəssüf ki, etdirmir”.
Deputat Arif Rəhimzadə bildirib ki, həqiqətən də bu məsələ cəmiyyətdə xoşagəlməz reaksiya doğurub: “Azərbaycanda Rusiyaya qarşı münasibət həmişə yaxşı olub. Düzdür, Rusiya böyük dövlətdir. Amma bu o demək deyil ki, onun qüvvələri bizi ayaqlayıb getməlidir”.
Deputat Zahid Oruc qeyd edib ki, ağılnan Rusiyanı dərk etmək mümkün deyil: “Bu ermənilərin Rusiya dövləti üzərində qələbəsi sayılır. Mən başa düşnmürəm ki, Rusiya ilə əməkdaşlıqdan kimlər narahatdır? Əminəm ki, qeydiyyat ləğvi məsələsi mümkün olmayacaq”.
***
Azərbaycan Rusiya icmasınn sədri Mixail Zabelin qeyd edib ki, Azərbaycanın burada yaşayan ruslara münasibətini yüksək dəyərləndirir: “Bizi Konqresin qərarı ilə bağlı məsələ narahat edir. Bizim bir ay vaxtımız var ki, verilmiş qərarı ləğv etdirək. Mən deputatlara minnətdarlığımı bildirirəm ki, onlar obyektiv olaraq məsələyə münasibətini bildirdilər. Azərbaycan-Rusiya parlamentlərarası Komissiya bu məsələ ilə bağlı qəti mövqeyini bildirməlidir”.
Fazil Mustafa qeyd edib ki, onlar Azərbaycandan idarə olunan, ya da müstəqil fəaliyyət göstərən qurumu arzulamırlar: “Rusiyanı artıq yanında olan təşkilat da qane etmir. Bizdə Xocalı abidəsinin yanında Rusiyanın mədəniyyət və informasiya mərkəzi var. Nöqtə, vergül axtarsaq, elə bu təşkilatda taparıq. Heç Türkiyənin, Amerikanın Azərbaycanda informasiya mərkəzi yoxdur”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər