“O məsələni Pərvizin vicdanına buraxmışam...”

o-meseleni-pervizin-vicdanina-buraxmisam
Oxunma sayı: 1095


“Qafqazinfo” xəbər verir ki, bu sözləri vəkil Anar Qasımlı facebook hesabında yazıb.

Daha sonra Anar Qasımlı qeyd edib ki, müraciətlərin heç birinə cavab vermək istəmir:

“Əvvəla ona görə ki, indi Elçin haqqında dediyim hər hansı fikir qərəzli görünə bilər və yaxud mən qərəzli ola bilərəm. Elçinlə əvvəllər peşə fəaliyyətindən yaranan dostluq münasibətimiz olub. İndi isə, mən ona salam vermirəm. Səbəb bir çoxlarına bəllidir. Bu barədə danışmaq niyyətim yoxdur. İnşaallah Pərviz Həşimli həbsdən çıxar və hər şeyə aydınlıq gələr. Mən o məsələni çoxdan zamana və Pərvizin vicdanına buraxmışam.

Bircə onu deyə bilərəm ki, bu müzakirələr və Elçin haqqında yazılanlar bütövlükdə cəmiyyət üçün çox zərərlidir. Elçinin xidmətləri danılmazdır və buna kimsə kölgə sala bilməz. Bu xidmətin əvəzli və ya əvəzsiz olmasının onun mahiyyətinə heç bir təsiri yoxdur. İtirən demokratik düşərgədir. Bu gün ölkədə siyasi xarakterli işlərə çıxan vəkillərin sayı barmaqla sayılacaq qədərdir və fərqindəsinizsə, xeyli zamandır yeni simalar çıxmır ortaya. Vəkil səhv edə bilər, yanıla bilər, bəzən özünü qorumaq məcburiyyətində qalıb hansısa ifadə işlədə bilər, amma bu heç kimə əsas vermir ki, həmin vəkilə qarşı kampaniya aparsın, onu aşağılamağa, damğalamağa çalışsın.

Bu gün Elçinə qarşı nalayiq ifadələr, tənqidi fikirlər səsləndirənlər vaxt var idi Elçinin bir statusu ilə mənə hücum etmişdilər. Məni MTN-lə işbirliyində suçlayırdılar. Nəticə nə oldu? O oldu ki, mən siyasi işlərdən çəkindim, nə NİDA-çıların, nə Anar Məmmədlinin, nə Bəşir Süleymanlının, nə Rəsul Cəfərovun, nə də Leyla Yunusun işində əvvəllər olduğu kimi qabağa durmadım, o insanlara hüquqi yardım etmədim. Çünki iyrəndim, insanlardan, insanlar arası münasibətlərdən. Demirdiniz mən MTN-ə işləyirəm? Tamam! Daha işləmərəm! Sizi müdafiə etmərəm, heç şübhə yeri də qalmaz. Halbuki azacıq da olsa faydalı ola bilərdim. Bəli, Siz iyrəndirdiniz məni. Mən sadəcə nifrət elədim!

İndi də Elçinin üstünə düşübsüz. Bəlkə, adamın bəlli bir səbəbləri var?! Siz Elçini qorumaq üçün nə etmisiniz ki, indi də ittiham edirsiz?!

Sabah bir başqası olacaq Elçinin yerində. Belə-belə bir də ayılıb görəcəksiz ki, daha heç bir vəkil siyasi işlərə çıxmır.

P.S. Elçin Sadıqov öz statuslarında ona qarşı kampaniyada canfəşanlıq etməyim və s. qeydlər yazır. Anlayıram ki, o, mənim cavab verməyimə və bununla diqqəti öz üzərindən yayındırmağa çalışır. Mən ona cavab verməyəcəm, əgər onun diqqəti öz üzərindən yayındırmaq üçün mənim adımı hallandırmağa ehtiyacı varsa, haqqımı ona halal edirəm. Qoy öz nüfuzunu xilas etməkdə mənim adımdan da istifadə etsin. 

Allah hər kəsin yardımçısı olsun!”.