“O məzar şəhidə aid deyil”

o-mezar-sehide-aid-deyil
Oxunma sayı: 3119

Sabirabad rayonunda hələ də məzarüstü abidəsi qoyulmayan şəhid məzarının olması ilə bağlı məlumatlar yayılıb. İddia olunur ki, valideynləri vəfat edən və ailəsinin maddi durumu zəif olan həmin şəxsin məzarını düzəldən yoxdur.  

“Qafqazinfo” xəbər verir ki, bu barədə Şamama Quliyeva adlı feysbuk istifadəçisi öz hesabında yazıb. O, Sabirabadda vəfat etmiş yaxınını ziyarətə getmək üçün Şəhidlər qəbiristanlığı adlanan məzarlıqda olub. Bu zaman üzərinə bayraq sancılmış və məzar daşı olmayan qəbri görüb:

“...Bayraq sancılmış qəbirlərə yaxınlaşdım. 3 şəhid məzarı idi, hər üçünün də məzarüstü daşları götürülmüşdü. O üç məzardan arxada bayraqlı bir məzar da var idi. Yanımızdakı molladan bu məzarın kimin olduğunu soruşanda “bu da şəhid məzarıdır” dedi. Bəs niyə məzarının götürülməməsinə gəlincə isə, dedi ki, bu şəxs əvvəllər şəhid olub. Hər iki valideyni dünyasını dəyişib, qalan ailə üzvləri də çox kasıb yaşayırlar".

Ş. Quliyeva qeyd edib ki, qəbrin üstündə ölən şəxsin adı, soyadı, ölüm tarixi belə olmayıb. 

Məsələ ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyətinin şöbə müdiri Müşfiq Qasımovla əlaqə saxladıq. O, rayonda məzarüstü abidəsi olmayan şəhid məzarının olmadığını dedi. 

İcra Hakimiyyəti rəsmisi bir daha qəbiristanlığa gedərək qeyd olunan məzarla maraqlandığını, onun ötən ilin dekabrında vəfat edən şəxs olduğunu bildirdi:

“Həmin Şəhidlər qəbiristanlığında bizim İkinci Qarabağ müharibəsi zamanı şəhid olan 3 şəxsin məzarı var. Hər birinin dəfnində iştirak etmişik, məzarüstü abidələri də götürülüb. Arxadakı, üzərinə bayraq sancılmış şəxs isə şəhid deyil. O, ötən ilin dekabr ayında koronavirusdan vəfat edən Vidadi Güləliyev adlı Qarabağ əlilidir. Məzarına bayrağı qardaşları taxıblar. Biz bilirik ki, məzarüstü abidə vəfat edən şəxsin bir ilinin tamamına qədər düzəldilə bilər. Əgər ailənin imkanı olmasa, bizə müraciət edərlərsə, biz onu da düzəldə bilərik. Amma həmin şəxsin şəhid olması ilə bağlı yazılanlar yalandır”.

Gülnar Əliyeva