O möhtəşəm kişi

o-mohtesem-kisi-
Oxunma sayı: 1303

Rejissor Devid Linçin “Fil adam” filmi XIX əsrdə yaşamış məşhur britaniyalı C. Merrikin həyatına həsr olunub. Fiziki qüsurlu Merrikin qorxunc görkəmindən istifadə edib onu küçə sərgilərində nümayiş etdirməklə pul qazanırlar. “Fil adam” isə əslində bunları haqq etmir. O, çox duyğulu, incə qəlbli bir insandır. Bir gün həkim Frederix Trivz onu hospitala müalicəyə aparır. Merrik hospitalın həkiminə deyir:

-Doktor, siz məni sağalda bilərsiniz?

Həkim cavab verir:

-Xeyr, biz səni sağalda bilmərik, amma qayğına qala bilərik...


*** 

Hər insan taleyi bir həyat fəlsəfəsidir. Hər insan taleyi bir ibrət dərsidir. “Gözü çıxmış qardaş…” ən yaxşı “pedaqoq”dur. Nəticə çıxarmağı bacaran o səhvi təkrar etmir.

Yer üzündə bu qədər insan var. Bu, o deməkdir ki, o insanların sayı qədər də talelər var. Rastlaşdıqca onlar haqda yazmağa çalışıram… Ən böyük, necə deyərlər, bəşəri mövzu elə İNSAN özüdür. 

Leyla xanım xeyli vaxt idi ki, yataq xəstəsiydi. Belə xəstələrdən çox vaxt ailə də bezar olur. Dava-dərmandan əli üzülmüş qadını ailəsinin qayğısı, ümidverici sözləri, ərinin sevgisi xilas edib. Ağır avtomobil qəzasından sonra uzun müddət xəstə yatan Leyla xanım artıq sağlam həyata qayıdıb.

Uzun zaman əri gecələr yuxusuna haram qatdı. Balalarının anasız, gözüyaşlı qalmaması və sevdiyi qadını torpağa təslim etməmək üçün mübarizə apardı. Bu da nəticə!

Bu xəbəri eşidən kimi yol aldım onlara. Xəstə olduğu müddətdə də ona tez-tez baş çəkirdim. Dəfələrlə görmüşdüm ki, əriyib yumağa dönmüş qadını əri necə məhəbbətlə ovudur. Yeməyini yedirir, qayğısına qalır, necə gözəl, qulağa əmin-amanlıq bəxş edən sözlər deyir. Yeniyetmə qızlarına imkan vermir ki, onu ayaqyoluna aparsın, çimizdirsin, paltarlarını yusun.  Hamısını o möhtəşəm kişi özü edirdi. Saçlarını daradığını da görmüşdüm. 

Leyla xanım eyvanda çay içirdi. Ziyarətinə gələnləri görəndə sevincindən ağlayır. Çox yaxşı idi, çox!!! Elə sevinirdi ki! Həyata yenidən qayıtdığı üçün ərinə minnətdarlıq edəndə də qəhərlənirdi.

Xeyli söhbətləşdik. Deyir, elə bil 17 yaşındayam və Arifi yenidən sevməyə başlamışam. “İnsan pis gün görəndə həqiqi sevginin nə olduğunu başa düşür”-bunu da o dedi…

Dedim ki bu haqda kiçik bir yazı yazacam.

Dedi ki, zəhmət çəkmə, eləcə bunları yaz: “Sevdiyinizlə və sizi sevənlə ailə qurun ki ömrünüz uzun olsun. Mənim kmi… Sevgi boş söhbət deyil! Həkimlər məni sağalda bilmədi, amma Arif qayğıma qalmaqla həyata qayıtmağıma səbəb oldu… Sevin, sevilin!”