Bu, mənim ilk sinfimdir. Qusarın Aşağı Ləgər kəndinin keçmiş məktəb binası.
Bu da mənəm, Sərdar.
Adımın mənası başçıdır.
Birinci sinfə yollandığım gün atam-anam sağ olsa da, məktəbə tək getməli oldum. Anam məni evdən yola salanda dedi ki, o sarısaç qızın dalınca get, o hansı sinfə girsə, arxasınca gir, de ki, oxumağa gəlmişəm.
Özümə başçı olmalı idim.
Sonradan məktəbdə başıma çox iş gəldi.
Çətin illər idi. Yazıb-oxumaq üçün lazım olan təməl əşyaları tapmırdıq. Məsələn, qələmim yox idi. Məndən iki yaş böyük bir oğlan qələm uğrunda bir neçə uşaq arasında baş yarışı keçirdi. Yenə baş!
Ağlınıza ağıl yarışı gəlməsin. Başımızı toqquşdururduq, gözü yaşaran, ağlayan uduzurdu. Ən sona mən qaldım. Son tapşırığı isə başımla qaz borusunu vurub yellətmək oldu. Bacaracağıma inanmırdı. Başımı düşünmədən sovetin çəkdiyi, ancaq dövlətimin hələ içini doldura bilmədiyi qaz borusuna çırpdım. Lazım olsaydı, qırardım da! Mənə qələm lazım idi. Kiçik, üstündə mürəkkəb ləkələri olan ağ qələmi ömrümün sonuna qədər unutmayacağam. Mən ilk hərflərimi, sözlərimi həmin qələmlə yazmışam.
Bəlkə də bəziləriniz bundan da ağır məktəb illəri keçirmisiniz. O səbəbdən, bəlkə də fərdi xatirələrim sizə dramatik görünməz. Ancaq bu xatirələri özümü ovutmaq üçün bölüşmürəm. Məhz bu gün oxumaqda olduğunuz mətni yazmaqda məqsədim ayrıdır və məqsədimi bir azdan bəlli edəcəyəm.
Biz Azərbaycanla eyni vaxtda yaranırdıq.
Yoxluq içində. Parça-parça... Böyüklərin dilində “Perestroyka”, “Topxana meşəsi”, “Amonlar”, “Talon”, “Vauçer” - gənclərin dilində “Səadət sarayları”, “mokrişok şalvarlar”, “Montana” idman geyimləri”, “Fatih Kısaparmak” - uşaqların dilində “şıpsevdi”, “bubligum”, “minti”, “sevtat”... Amma bunlar daha çox dilimizdə olurdu, nəinki həyatımızda, əynimizdə, ağzımızda...
Biz Azərbaycanla eyni anda böyüyürdük...
Qışda sinifdə donmayaq deyə kitab dəftərlə yanaşı, çantamıza odun da qoyurduq. Hətta müəllimlərə bizi döymək üçün lazım olan çubuğu da özümüz evdə hazırlayıb aparırdıq, sapına naxış da qoyurduq.
Biz Azərbaycanla eyni vaxtda bərkiyirdik.
Böyük ayaqqabılarımız izlərimizi tapdayırdı. Öz izimiz olmurdu. Yollarda atalarımızın, qardaşlarımızın izini qoyurduq. Ancaq heç vaxt dizlərimizi qucaqlayıb oturmurduq. Balaca köynəklərimizi dirsəklərimizlə yırtıb içindən çıxırdıq.
Nə bullinq? Dərsdə təklənəndə evə qaçıb var gücümüzlə böyürtkən kollarını çubuqdan keçirirdik, göbələkli ağacları təpikləyirdik, hirsimiz soyuyurdu.
Mən belə məktəbdə oxumuşam. İndi ölkəmin ən tanınmış qələm adamlarındanam. Son cümləmi özümü şişirtmək üçün yazmıram. Yazıram ki, şəraiti, imkanı bəhanə edib oxumamağına haqq qazandıranlar bir daha düşünsün. Bəli, indi həmin kənddə ikimərtəbəli, möhtəşəm məktəb binası var.
Bu nümunələri ona görə gətirirəm ki, məktəblilərin analarının vatsap qruplarında, valideyn iclaslarında olunan müzakirələrə təkrar diqqət edək. Müəllimlərin əlinə bahalı gül buketləri vermək önəmlidir, yoxsa dərsini bülbül kimi ötən uşaqlar vermək? Məktəbli qızların saç bantının rəngindən danışaq, yoxsa o bantın kölgəsində qalan ağlın rəngarəngliyindən?
Ötən gün doğma kəndimdən, keçmiş məktəb binamızın yanından ötərkən maşının pəncərəsindən dostum, həmkarım Elbrus Əruda ilk sinif otağımı göstərdim. O, dərhal əyləci basdı, maşından düşüb bir neçə foto çəkdi:
“Sabah yeni tədris ili başlayır. Nəsə yazsan, bu fotolar lazım olar...”, - dedi.
Peşəkar jurnalist həmləsi ilə mənə istiqamət versə də, yazacaqlarımın fərdi xatirələrdən ibarət olacağından ehtiyat etdim, yazmaq barədə dərindən düşünə bilmədim.
Lakin yeni tədris günündə mətbuatı bəzəyən bir xəbərdən sonra bütün fərdi xatirələrim obyektiv yerini tutdu.
“Uşaq evinin birincilərini məktəbə Qocalar evinin sakinləri apardı”.
Bir romanın yükü var bu xəbərdə...
Bu təklif böyük bir prosesin növbəti mərhələsidir. Bu ideya olduqca küskün bir sosial plastda karnaval təntənəsidir. Övladından kənar valideynlər və valideynlərindən uzaq övladlar müqəddəs ehtiyac nöqtəsində birləşir. Bütün məktəblər öz pəncərələrini açıb çölə qüdsi elm ətri yaydığı bir anda qocalar evinin ahılları bu ətirdən kədərli nostalgiya duymur, bir zamanlar yaşadıqları gözəl günlərin ətri yaddaşlarında qüssə pəncərəsi açmağa çalışsa da, ovuclarında çiçək açan körpə əlləri bu pəncərəyə süd kimi işıq saçır.
Bu gün qeyd etdiyimiz yeni tədris ili suveren Azərbaycanın, yəni başdan-başa Azərbaycanın ilk tədris ilidir. Əli qocalar evinin babalarının, nənələrinin əllərində çiçəkləyən körpələr də daxil olmaqla, artıq bu gündən təhsilimizə bütöv addımlar atılır. Bu izlər həmin uşaqların xalis izləridir.
Onlar Azərbaycanla bütövləşdilər.
İlk tədris ilin mübarək, Azərbaycan!
Sərdar Amin
Xüsusi olaraq “Qafqazinfo” üçün