“O siyahıda olanların əksəriyyəti Müsavat üzvü deyil”

o-siyahida-olanlarin-ekseriyyeti-musavat-uzvu-deyil
Oxunma sayı: 997


“Qafqazinfo” xəbər verir ki, konfransda çıxış edən  A. Hacılı bildirib ki, bu gün Azərbaycan çox ciddi proseslər ərəfisindədir: “Ölkədə Avropa Oyunları keçiriləcək. Bütün dünyanın diqqəti Azərbaycana yönələcək. Biz bu prosesdən Azərbaycanın mənafeyi üçün yararlanmağa çalışırıq. Siyasi məhbus probleminin həll edilməməsi, demokratiya və söz azadlığı ilə bağlı məsələlər Azərbaycan hakimiyyətinin imicinə zərbə vuracaq. Azərbaycan mayın 20-22 də Şərq Tərəfdaşlığı ilə bağlı sammitdə ən yüksək səviyyədə təmsil olunmalı və bu proqrama qoşulmalıdır.  Ölkədə çox ciddi siyasi islahatlar başlanmalıdır. İlk növbədə, mətbuat və sərbəst toplaşmaq azadlığı təmin edilməlidir".

Sabah keçiriləcək iqtidar müxalifət görüşünə də münasibət bildirən A. Hacılı qeyd edib ki, Azərbaycan hakimiyyəti siyasi partiyalarla dəyirmi masalar vasitəsilə təmas qurur: "Bu təşəbbüsləri müsbət qiymətləndiririk. Ancaq bu görüşlərin mövzusunun yalnız hakimiyyət tərəfindən müəyyənləşdirilməsi təmasların səmərəliliyini azaldır. Bu da cəmiyyət üçün müsbət nəticələr vermir.  Sabahkı görüşə dəvət olunmuşam. Avropa Oyunları ilə bağlı görüş olacaq. Bu iqtidar müxalifət görüşü adlana bilməz. Burada qeydiyyata alınmış bütün partiyaların görüşü olacaq.  

Eyni zamanda hesab edirik ki, iqtidar müxalifət dialoqu zəruridir. Hakimiyyət real iqtidar müxalifət görüşü təşkil edəcəksə, orada iştirak etməyə hazırıq. Biz bu mövzular müzakirə edilərsə,  həmin görüşə  qatıla bilərik. Birincisi, siyasi məhbus probleminin həll edilməsi, ikinci, Şərq tərəfdaşlığı təşəbbüsünə qoşulmaq, üçüncüsü isə siyasi islahatlara başlanılmasıdır".

Başqan partiyadakı istefalara da toxunub. Qeyd edib ki,  son günlər hakimiyyət vasitəsilə müsavatdaxili çəkişmələr gündəmə gətirilir: "Hakimiyyət mətbuatında Müsavat Partiyası içində böyük təlatümlər olması barədə məlumat yayırlar. Partiyanın 8- ci qurultayı tarixi hadisə idi.  Burada bir çox yeniliklərə imza atıldı. İlk dəfə olaraq İsa Qəmbər üçüncü dəfə namizədliyini vermədi.  Alternativ qaydada seçkilər keçirildi.  Qafqazda ilk dəfə olaraq paritet əsaslarla seçki komissiyaları yaradıldı.  Hakimiyyət guya  partiyada avtoritar rejimin olması barədə görüntü yaratmağa çalışır. Strukturlarda yeniləşmə prosesi gedir. Rayon təşkilatlarının özəklərinin  rəhbərliyinə yeni adamlar gəlir. Hazırda Müsavat Divanında təmsil olunan yalnız üç nəfər əvvəllər də Divan üzvləri olublar. Diavnın üçdə ikisi isə yeni seçilmiş adamlardır.  Təbii ki, yeni adamların rəhbər vəzifələrə gətirilməsi fəsadlarsız ötüşmür. Qurultaydan sonra 9 nəfər partiyadan xaric edilib. Bu dövrdə çıxan adamların sayı 100 nəfərdən azdır.

Bu gün “APA” saytı yayıb ki, 40 nəfər  partiyadan çıxıb.

Mən rayon təşkilatlarının  rəhbərliyi  ilə söhbətləşmişəm və məlum olub ki, bu siyahıda olan adamların əksəriyyəti üzv deyillər. Bunların içində olan yeddi nəfərdən yalnız biri Şura üzvüdür. Burada bir nəfərin bütün ailəsinin adı siyahıya salınıb.  Bu da tamamilə həqiqəti əks etdirməyən məlumatdır".

Müsavat başqanı qeyd edib ki, bütün bu proseslərə normal yanaşmaq lazımdır: “ Partiyada müəyyən müddət xidmət etmiş adamların fəaliyyətini yüksək qiymətləndirirəm. Amma indiki siyasi situasiyada fəaliyyət göstərə bilmirlərsə, kimsə gedənləri qınamamalıdır. İndiki bu çətin siyasi şəraitdə fəaliyyət göstərmək böyük fədakarlıq tələb edir.  Bir neçə nəfərin partiyanı tərk etməsi ilə bağlı təəssüfləndiyimi bildirirəm. Amma bu proses şişirdilir.

Qeyd edim ki, Tovuz rayon təşkilatı buraxılmışdı, onun yerində daha güclü təşkilat yaradılacaq.   Şirvan rayon təşkilatı yenidən güclü formada olacaq. Yaxın günlərdə Suraxanı rayon təşkilatının fəaliyyəti daha güclü olacaq. Partiyanın 80- ə yaxın yerli təşkilatı var.  Bu təşkilatlardan  70-i güclü siyasi imkanlara malik olan strukturlardır. Hətta  özəklərdə baş verən proseslər gündəmdə olur.  Biz Azərbaycan hakimiyyətindən partiyadaxili demokratik proseslərə Müsavat Partiyasında əməl olunduğu qədər əməl olunmasını istəyirik. Bu proseslər inkişafa gətirəcək. Daxil olanların sayı çıxanların sayından 6 dəfə çoxdur.  Son Divan toplantısında beş nəfər partiyaya qəbul edilib. Son aylar ərzində 300- dən artıq adam partiyaya daxil olub.  Bizi daha çox partiyaya daxil olan  adamların sayının artması maraqlandırır".

Müsavat başqanı partiyadan çıxanların və ya xaric edilənlərin hakimiyyətin adamı olması ilə bağlı ittihamlara da münasibət bildirib. Onun sözlərinə görə, partiyadan istefa verən və ya xaric edilən adamların içərisində hakimiyyətlə əlaqələri olan adamlar ola bilər: "Amma hesab etmirəm  ki, hakimiyyət tam şəkildə bu prosesi idarə edir. Ən azı nəzarətində olan media vasitəsilə bu prosesə dəstək verir. 

Mən Müsavat Partiyasının başqanıyam. Hədəfdə olmağımı təbii sayıram. Burada baş verən mənfi və müsbət hadisələrə görə məsuliyyət daşıyıram".

Günel Türksoy