“O vaxtkı hakimiyyətin naşılığı nəticəsində iş ləngiyirdi” – - MTN generalı

o-vaxtki-hakimiyyetin-nasiligi-neticesinde-is-lengiyirdi-
Oxunma sayı: 1954


Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, tədbir iştirakçıları Akademiyanın akt zalının foyesində Xocalı faciəsini əks etdirən fotosərgi ilə tanış olub. Anım tədbiri açıq elan edildikdən sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.

Akademiya rəisinin müavini general-mayor İsgəndər Allahverdiyev çıxış edərək deyib ki, tarixdə erməni xəyanəti və vəhşiliyi nəticəsində çoxlu sayda dəhşətli və qanlı faciələr baş verib: “Qeyd etmək lazımdır ki, Xocalı faciəsi baş verən dövrdə Azərbaycanda daxili ictimai-siyasi vəziyyət də olduqca gərginləşmişdi. O vaxtkı hakimiyyətin naşılığı, bacarıqsızlığı və iradəsizliyi nəticəsində Milli Ordunun yaradılması işi ləngiyirdi. Bunun nəticəsidir ki, 1992-ci ilin başlanğıcında Azərbaycan Silahlı Qüvvələri Milli Ordunun tam  silahlanmamış bir neçə taborundan, DİN, MTN, Xüsusi təyinatlı milis dəstələrinin bölmələrindən, pis silahlanmış və yaxşı təlim keçməmiş vahid komandanlığı olmayan, yerli özünümüdafiə qüvvələrindən və müxtəlif partiyaların könüllülərindən təşkil olunmuş dəstələrdən ibarət idi. Müqayisə üçün qeyd etmək yerinə düşərdi ki, erməni silahlı dəstələrindəki təkcə muzdluların sayı azərbaycanlı döyüşçülərdən çox olmaqla yanaşı, onlar həm də daha yaxşı təşkil olunmuş, silahlanmış və təlim keçmişdilər. 

Bir günün içində 613 soydaşımız soyqırımının qurbanı oldu. Vəhşiliklə qətlə yetirilənlərin içində 63 uşaq, 106 qadın, 70-i isə qoca idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 nəfəri isə itkin düşdü.

Xocalı soyqırımından sonra erməni vəhşiliyi, vandalizmi və azğınlığı getdikcə daha da şiddətlənirdi. Nəticədə Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal edildi”.