Obamanın sevdiyi “Uşaqlıq”

obamanin-sevdiyi-usaqliq
Oxunma sayı: 1529


ABŞ Prezident Barak Obama bu ilin ən yaxşısı kimi “Uşaqlıq” (“Boyhood”) filminin adını çəkmişdi. Filmi izləyəndə onun seçiminin səbəbini dərhal anladın. 

Ekran əsərinin dünya üzrə premyarsı keçən il avqust ayının sonlarında olsa da, Azərbaycana gəlməmişdi. Hər şeydən əvvəl ona görə ki, kommersiya yox, daha çox festival filmidir. Elə Amerikanın özündə cəmi 24 milyon dollar qazanıb.

Mənim bu yaxınlarda filmi izləmək imkanım oldu. Çox maraqlı məqamlar var. Baxmayanlar üçün qısa şəkildə bir neçə nüansın altında xətt çəkmək istəyirəm.

Əvvəlcə Obama məsələsi. Sizə deyim ki, kino, sanki Demokrat partiyasının qapalı reklam çarxdır. 

Məsələn, 2004-cü ildəki prezident seçkiləri ərəfəsində filmim əsas obrazlardan biri balaca oğluna belə bir məsləhət verir: “Kimə səs verirsən ver, bircə Buşa vermə”. 

2008-ci ildəki seçkidə isə bu ailənin üzvləri Obama - Bayden cütlüyünün kampaniyasının birbaşa iştirakçısı olurlar. Hətta respublikaçı namizəd Con Makkeynin plakatlarını küçələrdən yığışdırırlar.

Başqa bir səhnədə isə vaxtilə Respublikaçılar partiyasının prezidentliyə iddialı namziədlərdən sayılan Sara Pelinin qızının 17 yaşında hamilə qalması vurğulanır və bu həmin yaşda olan qızlar üçün çox mənfi bir nümunə kimi təqdim olunur.

İraqda döyüşmüş keçmiş hərbçi isə Amerika ordusunun bu ölkədəki missiyasını yalnız neft amili ilə əlaqələndirir. Və s.

Ümumilikdə isə film yaxşı sayıla bilər. Xronometraj 3 saata yaxındır. Düzdür, darıxdırıcı deyil, amma sürükləyici də deyil. Məncə, bəzi səhnələrin ixtisarı filmin lehinə olardı.

“Uşaqlıq”ın ən unikal tərəfi isə filmin 11 il ərzində (təbii ki, fasilələrlə) lentə alınmasıdır. Çəkilişlər 2002-ci il yayında başlayıb və 2013-cü ilin oktyabrında başa çatıb. 

Bu, rejissor Riçard Linkleyterin (Richard Linklater) orjinal ideyasının meyvəsidir. O, real insan həyatının təxminən 12 ilini tamaşaçıya olduğu kimi çatdırmaq üçün aktyor və aktrisaları dəyişmir. Yəni 6 yaşlı uşağı da, 18 yaşlı gənc oğlanı eyni aktyor ifa edir. 

Hətta filmin müəllifləri hələ 2002-ci ildə ifaçılarla müqavilə bağlayır ki, 11 il boyunca bu filmdə özləri çəkiləcək və onları başqası əvəzləməyəcək. Maraqlıdır ki, bu müddət ərzində ssenariyə də heç bir dəyişiklik edilməyib.

Film boyunca boşanmış ər və arvadın olduqca mehriban münasibəti, hətta keçmiş həyat yoldaşı ilə indikinin arasında səmimi dostluq, təzə arvadla köhnə arvadın az qala rəfiqə olması diqqqət çəkən və təqdirəlayiq məqamlardandır.

Bir də, balaca oğlanın bacısını oyanayan xanım aktrisa da rejissorun öz qızıdır. Film “Oskar” kinomükafatına iddialı namizədlərdən biri sayılır.