Ödəmə terminalını oğurlayıb qəbiristanlığa apardılar - Video

odeme-terminalini-ogurlayib-qebiristanliga-apardilar
Oxunma sayı: 3019

Binəqədi rayonu ərazisində yerləşən marketlərdən birində quraşdırılan içərisində 3953 manat pul vəsaiti olan “E-manat” ödəmə terminalı naməlum şəxslər tərəfindən oğurlanıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, ödəmə terminalını oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Məmməd Kazımov və Emil Həmzəyev saxlanılıblar.  

Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər oğurluğa M.Kazımovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillə gediblər. Hadisədən əvvəl onlar avtomobilin dövlət qeydiyyat nişanı dəyişdirmək üçün Sabunçu rayonunda başqa bir “Chevrolet” markalı nəqliyyat vasitəsinin nömrələrini oğurlayıblar. Daha sonra idarə etdikləri avtomobilə həmin dövlət qeydiyyat nişanlarını bağlayaraq Binəqədi rayonunda qeyd edilən oğurluq hadisəsini törədiblər. M.Kazımov və E.Həmzəyev ödəmə terminalını Masazır qəsəbəsi ərazisində yerləşən qəbiristanlığın ərazisində yararaq içərisində olan pulu ələ keçiriblər. E.Həmzəyev hadisədən sonra oğurlanan pulun bir qismi ilə özünə məxsus “Khazar” markalı avtomobilin kredit borcunu ödəyib.

Qeyd edək ki, saxlanılan şəxslərin marketdən ödəmə terminalını oğurladığı anlar müşahidə kameraları vasitəsi ilə anbaan qeydə alınıb.

Bu şəxslərin ətraflarında araşdırma aparılan zaman onların elə həmin gün Nəsimi rayonunda yerləşən mağazalardan birindən 400 manat oğurladıqları məlum olub.

E.Həmzəyev ilkin ifadəsində deyib ki, ödəmə terminalının içindən 3800 manat pul çıxıb.