Oğlanlara məktəb qapısı, qızlara ər qapısı... - Axı niyə?

oglanlara-mekteb-qapisi-qizlara-er-qapisi
Oxunma sayı: 4245

İnsanların rahat və psixoloji cəhətdən sağlam yaşamasının əsil səbəblərindən biri sterotiplərsiz cəmiyyətdir. Hələ sterotipləri zəngin cəmiyyətdə sosial problem çoxdursa, orada təhsil kimi vacib məsələdə çatışmazlıqlar olur. 

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanda hələ də qız uşaqlarının orta təhsilinin vacibliyindən danışmalı oluruq, çünki problem ətalət dövrünü yaşayır. Hələ də qızlar məktəbdən orta təhsili 8-ci və ya 9-cu sinfi bitirməmiş çıxarılır, yaxud  7-8 yaşlarında ibtidai təhsilə başlayırlar, çox halda valideyn üçün qızın hərfləri bilməsindən başqa heç nə lazım bilinmir. Problem tək regionlar üçün spesifik deyil, paytaxtın göbəyində belə məktəbdən qalan, əsasən də qız  uşaqları var. Problemin kökündə maddi, sosial amillər, dini faktorlar, valideyn eqosu, psixoloji tərəflər yer alır. Son zamanlar isə kiçik ticarətlə məşğul olan valideynlər 12-14 yaşlı qızlarını mağaza, dükanda işləməyə cəlb edirlər. 

Bu yaxında Maştağa qəsəbəsi sakini 15 yaşlı qızın evdə oxuması üçün hazırlıq müəllimi axtarışı elanına rast gəldim. Əvvəl repititor müəllim axtarıldığını, sonra isə, məsələnin daha təəssüfdoğuran vəziyyətdə olduğu ilə qarşılaşdım. Belə ki, 15 yaşlı qız anası xəstə olduğundan ailə tərəfindən anaya  baxması üçün  təhsilsiz qalıb. 15 yaşlı qız və 21-ci əsrdə yaşadığımız zaman! Ailənin ağır şərtlərdə yaşadığını nəzərə alanda, bir qız övladının öz məktəb həyatını anası üçün qurban verməsinə hardasa haqq qazandırmaq olar. Amma ölkədə əhalinin sosial rifahını yaxşılaşdıran islahatlar haqqında geninə-boluna danışanların, heç insafı olmayıb ki, bu yeniyetmə ilə maraqlanıb, barı hansısa şərtlərlə onun məktəbə cəlb olunmasına cəhd etsinlər. Həmin Ə. adlı qızcığazla müsahibəyə qardaşı razılıq vermədi, halbuki burada bir nümunəvi qız uşağı təbliğ olunacaqdı. Axı Ə. bütün hallarda hələ də təhsil almaq haqqına sahib çıxır və müəllim axtarışına başlayıb, deməli onun hələ də təhsilli gənc statusu almağa xeyli şansı var.

Başqa bir qəhrəmanım G.adı qızdır. Məktəbdə əlaçı olan G. 7-ci sinifdən atasının təkidi ilə çıxarılıb. Bakının Nizami rayonu sakinidir. Məktəbdən çıxarılma səbəbi ilə maraqlananda məlum olur ki, atası illərdir taksi sürücüsüdür, əsasən gecə saatlarında işləyən ata nə görüb və hansı nəticələrə varıbsa, bir gün evə gəlib və qızına artıq dərsə getməyəcəyini deyib. G. hələ də məktəb həyatından danışanda kövrəlir, artıq yaşıdları ali təhsillərini bitirmək üzrədirlər,  o isə həkim olmaq arzusunu ürəyində bəsləyir. Atasını yola gətirə bilsə, heç olmazsa tibb bacısı kurslarına yazılmaq qərarına gəlib .

Valideyni tərəfindən ər üçün böyüdülən qızların çoxluğu faktı ağrılı olsa da, mövcuddur.  Necə ki, orta məktəbdən məzun olan məktəblilərin yaşıdı olan və onları  boynubükük izləyən və evdə təhsildən kənarda qalan qızlarımız var. Məktəbi bitirmək təəssüfünü yaşamağa imkan verilməyən belə qızlar  təcili gəlin və ana olmağa köklənirlər.

Haşiyə: Dünya  Bankının son “İtirilmiş imkanlar: qızların təhsilinin natamamlığının yüksək qiyməti" adlı hesabatında maraqlı rəqəmlər var. Məsələ iqtisadi cəhətdən qiymətləndirilib. “Planetimizdə 132 mln qız orta təhsil almadığından dünya iqtisadiyyatı onlarla trilyon dollar gəlirdən məhrum olur. Dünya üzrə ilkin təhsil ocaqlarını qızların yalnız 89%-i, orta məktəbi isə 77%-i  bitirir.

Əgər bu qız uşaqları təhsil ala bilsəydilər, onların dünya iqtisadiyyatına töhfələri sonrakı ömürləri boyu 15-30 trilyon $ arasında ola bilərdi. Tam orta təhsilli qadınların əmək haqları, dünya üzrə statistikaya görə, təhsilsiz və ya natamam təhsilli qadınlarla müqayisədə 2 dəfə yüksəkdir. Bundan əlavə təhsilli qadınlar ailə-məişət məsələlərində psixoloji baxımdan daha dayanıqlıdırlar, təhsillə sağlamlıq arasında birbaşa əlaqə mövcuddur.

Necə yəni “özüm bilərəm” 

Cəmiyyətdə ən çox yayılmış biganəlik təsəllisindən biri də budur: “nəyimə lazım”, “nəyinə lazım”. Bu laqeydlik sindromunun kök atmasının nəticəsi də  elə qadın və qızlara qarşı zorakılığa aparan səbəblərin daha da genişlənməsidir.  

Dəfələrlə olub ki, ayrı-ayrı vətəndaşın şikayəti əsasında xüsusən bölgələrdə məktəbli qızların dərsə buraxılmaması və əsasən ata tərəfindən məktəbdən çıxarılması xəbərlərini duyuruq. Çox halda belə valideynlərlə kompromisə gəlmək addımları belə olmur, yaxud ilk həmlədə valideynin tərsliyi və “uşaq mənimdir, özüm bilərəm”kimi kobud və sərt fikri qızların məktəb həyatını davam etməsinə mane olur. İnsanpərvər və vicdanlı məktəb direktorları çox halda belə valideynləri yola gətirmək üçün aylarla əlləşirlər. Hətta direktorla valideyn arasında nifaq belə düşəni var. Təəssüf doğuran məqam odur ki, qızını məktəbdən yarımçıq təhsillə ayıran valideynlərin çoxu qızlarına öz əmlakları kimi baxırlar və bu zorakı baxış həmin qızları ər evində də rahat buraxmır, izləyir. 

Gender məsələri üzrə ekspert Rəna Tahirovaya görə, qız uşaqlarının  orta təhsildən yayınması və ya natamam təhsilində  valideyn istəyindən daha vacib amil- sosial -maddi problem dayanır. “ Şəhərdə, elə bölgələrdə də ailənin aylıq gəliri uşaqların, xüsusiylə qız uşaqlarının təhsil almasına mane olur. Ailə seçim qarşısında qalanda oğlanın məktəbə getməsinə üstünlük verir. Belə ki, problemin kökündə “pulsuz təhsil” deyimi durur. Axı, təhsil necə pulsuzdur? Hər tədris ilində məktəbli çantasından tutmuş, məktəbli forması, dərs ləvəzimatlarının ümümi qiyməti bir uşaq üçün orta rəqəmlə 200 manatdan çox edir, hələ bir evdə bir neçə uşaqdırsa, bu ailə necə etməlidir?  Sözsüz ki, bunun tək yolu uşağı məktəbdən saxlamaqdır. İndi məktəbdən yayınmada valideynləri qınayanlar dini, ənənə, regionun xüsusiyyəti kimi amillərlə izahat verirlər, amma məsələ elə dövlətin lazımlı islahatları ilə həllini tapa bilər. Uşaqlı ailələrə elə imkanlar yaradılmalıdır ki,  məktəbsiz uşağı qalmasın. Kim istəyər ki, uşağı savadsız, təhsilsiz olsun. Maddiyyatı yaxşı olanlar daha yaxşı imkanlarla uşaq oxutmaq istəyirlər. Yüksək repititor qiymətləri də qız uşaqlardan çox oğlanların ali təhsil qazanması üçün seçim yaradır. Məktəbə getməyən uşaqların yerini yaxşı bilirlər, amma onlara sual vermək istəmirlər. Çünki sualın cavabı maddi imkansızlıqdır. Çox insan da pulsuzluqdan uşağını məktəbə göndərməməyi etiraf etmir. Erkən nikahların da kökü madiyyatla bağlıdır, ailə qızını ərə verir ki, evdə yeyənin biri azalsın.”

Qanunlar tək vitrin üçün deyil!

Azərbaycanda qadın və kişilər üçün  bütün sahələrdə bərabər imkanların yaradılması haqqında kifayət qədər qanun var. Bu təhsil sahəsini də əhatə edir. Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsi cinsi əlamət üzrə heç bir fərq qoymadan hər bir vətəndaşın təhsil almaq  hüququnu təsbit edir. 

“Gender (kişi və qaınların) bərabərliyinin təminatları haqqında Qanun”un 13-cü maddəsində qeyd olunur ki, “dövlət kişi və qadınlara təhsil hüququnun həyata keçirilməsi üçün bərabər imkanlar yaradılmasını təmin edir”. “Təhsil haqqında” Qanunda isə nəzərdə tutulur(maddə3.0.3) : “Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılması təminatı verir, təhsilin hansı pilləsindən, səviyyəsindən, formasından məhrum edilməsinə yol vermir.” Dövlət qanunlarını qoyub, amma problem qanunun sözündə, cümləsində deyil, məsələ cəmiyyət fərdlərinin düşüncəsindəki və qanunların icra mexanizmindəki uçurumdur. Tutaq ki, valideyn(əsasən ata) tərəfindən məktəbə getməsinə izn verilməyən qız uşağının natamam təhsilini yalnız danışıqlar yolu ilə bərpa etmək olar. Bəs bunun(valideynin) qanuni cəza və ya cəriməsi?  

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci il məktəbəqədər müəsisələrdə 3-5 yaşda uşaqların 53%-ni oğlan, 47 %-ni qız uşaqları təşkil edib.Yenə də rəsmi rəqəmlərə görə, 2016/2017-ci tədris ili ümumi orta  təhsil  müəsisələrindəki şagirdlərin  58,5% -ni oğlanlar, 41,5 % -ni qızlar təşkil edir. Ali təhsil müəsisələrində və doktoranturada  kişilər  51,9,%, qadınlar 48,1 % -dir. Azərbaycanda hər 100 təhsil alandan 43-ü qadın, 57-si kişi cinsinə məxsusdur. 

18 yaşadək qızlar uşaq sayılır...erkən nikah cinayəti

Ailə, Qadın və Uşaq Hüquqları üzrə Dövlət komitəsinin uşaq problemləri şöbəsinin baş məsləhətçisi Günel Nağdəliyeva da təsdiqləyib ki, bəzi bölgələr var ki, orda valideynlər qız övladlarını ya ümumiyyətlə məktəbə buraxmır ya da ibtidai təhsili bitirməklə kifayətlənirlər. Komitə tərəfindən çoxsaylı layihələr, mütəmadi tədbirlər həyata keçirilir və qızların təhsil alması bu günün ən mühüm tələblərindəndir. “Qızların təhsildən yayınmasında bir neçə faktor - erkən nikahlar, məcburi əməyə cəlb olunma, eləcə də, valideyn məsuliyyətsizliyi-baxımsızsızlıq faktoru rol oynayır. 2017-ci ildə Komitə tərəfindən keçirilən Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun da mövzusu  “Təhsildə yeni standartlar: çağırışlar və bərabər imkanlar” oldu.

Komitə rəsmisi qeyd edib ki, təhsildən kənar qalan qızları erkən nikah kimi qanunsuz akt təhlükəsi gözləyə bilir. 2017-ci ilin rəsmi statistikasına görə, ölkədə 22 erkən nikaha daxil olma faktı müəyyən edilib. Cari ilin birinci rübünə aid göstəricilər isə bu rəqəmin 9-dur. Qeyri-rəsmi nikahların böyük hissəsi məhz erkən nikahların payına düşür ki, ölkədə erkən nikahlara ən çox Bakı kəndləri və cənub bölgəsində rast gəlinir.” 

Qeyd edək ki, Komitənin bölgələr üzrə məlumat  mərkəzləri fəaliyyət göstərir, qeyd olunan problemlə bağlı hər kəs ora müraciət edə bilər.

Xatırladaq ki, BMT-nin 1989-cu il tarixli “Uşaq Hüquqları haqqında Konvensiyası”nın birinci maddəsinə görə,18 yaşına çatanadək hər kəs Konvensiyanın məqsədləri üçün uşaq sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49-cu maddəsində də, 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Və uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. «Ailə Məcəlləsi»nin 10-cu bəndinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur, yalnız, üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin xahişi ilə müvafiq icra hakimiyyəti orqanı onların nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Məcəllənin 60-cı maddəsinə görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

”Azərbaycan Respublikası Cinayət Məcəlləsi”nin 176.1-ci maddəsinə əsasən isə qadını nikaha daxil olmağa məcbur edən şəxs 2000-3000 manatadək cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində 3000 manat cərimə və ya 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Lakin, bütün bu məhdudiyyətlərə baxmayaraq, hələ də, bir çox bölgələrimizdə, gizli şəkildə həyata keçirilmiş erkən nikah faktları aktual olaraq qalmaqdadır.

Tələbə olmaq istəyən qızlarımız getdikcə azalır...  SOS-umuz əbəs deyilmiş

Azərbaycanda qız uşaqlarının təhslini orta məktəbdən sonra ali təhsildə davam etdirməsində problemlərin olduğunu deməkdə yanılmamışıq. Orta təhsil almadan ali təhsil almaq istəyi mümkün deyil.  Deyilənləri əsaslandırmaq üçün Dövlət İmtahan Mərkəzinin(DİM) ictimaiyyətlə  əlaqələr şöbəsinin rəhbəri Xanlar Xanlarzadə ilə əlaqə saxlayanda, o bildirib ki,  DİM artıq hər il abutiriyentlərin qəbulu zamanı onların gender aspektlərini də araşdıraraq “Abituriyent” jurnalinin 12-cı sayında təqdim edir. Sonuncu belə araşdırma materialı 2017-ci ilin nəticələrini əks etdirir. DİM-nin araşdırmasında həm tələbə olmaq istəyən abituriyentlərin cins nisbəti, həm arzuladıqları təhsil(ixtisas qrupları) sahəsi, həm də  bölgələr üzrə qeyd olunub. Tədqiqat materialını analiz edəndə belə nəticəyə gəlmək olur ki, son 10 ildə ali təhsil almaq istəyən qızlarımızın sayında kəskin azalma var. Belə ki,
 
2007-ci il-  50.779  oğlan, 52.588  qız idisə, 

2017-ci il – 43.663  oğlan, 38.565  qız abituriyent olub.

Nəzərə çatdıraq ki, test yolu  ilə qəbul sistemi müddətində ali təhsil   imtahanlarında qızların ərizə verdiyi ən yüksək dövr  2008-ci ildədir.  Həmin il qız abiuriyentlər 59.762,  oğlan abituriyentlər isə 56.768 nəfər olub.  Təəssüflə qeyd edək ki,  2017-ci ildə qeyd olunan rəqəmlər qız uşaqlarının sayında  ötən illərin ən aşağı  göstəriciləridir. DİM də bəyan edir ki, 5-ci ildir ki, abituriyent qızlarımızın sayında azalma var. Əslində rəqəmlərin ümumi sayında da da azalma nəzərə çarpır. Üstəlik, bütün ölkəni əsk etdirən göstəricidə rus və Azərbaycan bölməsi məqamı da var. Belə ki, 2017-ci ildə  imtahan verən abituriyentlər arasında Azərbaycan bölməsində 52, 63% oğlan çoxluq təşil edirsə, rus bölməsində 52,63%-ni qızlar təşkil edir. Bu da başqa  araşdırma mövzusunu- təhsildə dil maraqları səbəblərini ortaya çıxarır. Digər məqam, “ölkənin hansı bölgəsinin qızları ali təhsilə can atır” məsələsidir. DİM-nin təqdim etdiyi 2017-ci il xəritəsinə görə, Yardımlı, Lerik, Cəlilabad və Masallı bölgələrindən olan abituriyentlər arasında qızların nisbi sayı 18-35% təşkil edirsə, respublikanın  şimal-qəribindəki  Qax, Zaqatala və Balakən böləgələrindən olan abituriyentlər arasında onların nisbi sayı 52-55%-dir. Misal üçün,  bu bölgələrdə qız və oğlan abituriyent arasında böyük  fərq var:

Yardımlı     -468 oğlan, 86 qız
Qobustan  -169 oğlan, 81 qız
Şahbuz       -116 oğlan,  96 qız abituriyent

Həm  təhsil sistemində, həm də qız abituriyent sayında uçurum olan bir necə rayonun adını da çəkmək olar: 

Sədərək   - 79 oğlan, 30 qız
Daşkəsən - 90oğlan , 69 qız
Xızı            -50 oğlan, 45 qız 
Naftalan  - 50 oğlan, 45 qız abituriyent

Bu bir neçə məqamda rayonun sahəsi, əhalisi, həyat rifahı, sosial-iqtisadi, ənənə kimi amillər rol oynayır. Amma bu ciddi rəqəmlər sosioloqlar üçün maraqlı araşdırma obyektləri və təhsil sistemi üçün açarlar ola bilər.

Nəticə olaraq  qeyd edək ki,  hər kəsin alim və ya ali təhsil amaq kimi məcburiyyəti yoxdur, amma hər halda qızlarımızın daha bilikli, təhsilli, peşə sahibi olması onların həyatda hər hansı çətin vəziyyətdə karlarına çatmaq şansını verir. 

Biz 21-ci əsrdə qadınlarımızın könüllü və ya zorla tələsik ailə qurmaq deyil, normal təhsil almaq imkanları yaxalamasını arzulayırıq. Təhsilsiz qadın (cahil) cəmiyyət üçün ən böyük əskikdir, hətta cəmiyyət üçün təhlükələr mənbəyi belə ola bilər. Dünyanı  təhsil və təhsilli qadın xilas edə biər!

Raminə Eyvazqızı
Bu məqalə BMT-nin Əhali Fondunun (UNFPA-Azerbaijan) jurnalistlər üçün keçirdiyi yazı müsabiqəsinə təqdim olunur.