“Oğlumu həmin gün Daxili İşlər Nazirliyinin qarşısında yerləşən 10 saylı aptekin qarşısında dostu ilə birgə həbs ediblər. 26-cı polis bölməsinin sahə müvəkkili Nazim Dünyamalıyev onları cinayət axtarışı adı ilə aldadaraq Yasamal rayon Polis İdarəsinə aparıb. Onları Cinayət Axtarış bölməsində dindirməli olsalar da, Narkotiklərlə Mübarizə Şöbəsinə aparılıblar.
Həmin şöbənin əməkdaşı Emin Məlikovun sözlərinə görə, onlara 234.1-ci maddə ilə cinayət işi açılıb. Oğlumun dostu II qrup əlil Əli Babazadəni idarədə o qədər döyüblər ki, yalandan narkotik istifadəçisi olduğu boynuna alıb. Oğlum isə dəfələrlə döyülsə də narkotik istifadəçisi olmadığını bəyan edib. Çünki o özünə əmindir. Ekspertizanın da rəyində göstərilib ki, qanında narkotik maddənin izləri yoxdur”.
Şikayətçi qeyd edir ki, oğlunun həbsindən bir gün sonra xəbər tutub: “Halbuki müstəntiq həmin gün bizə xəbər verməli idi. İstintaqda onun İnşaatçılar Metrosunun qarşısında tutularaq bölməyə aparıldığı qeyd olunur. Halbuki onları DİN-nin qarşında olan aptekin yanında həbs ediblər. Həmin yerdə də təhlükəsizlik kamerası var. Dəfələrlə həmin kameranın üzü çıxarılmasını tələb etsək də, buna məhəl qoyan olmayıb”.
Ananın sözlərinə görə, istintaq prosesi artıq yekunlaşıb: “Oğlum 4 gündür ki, aclıq elan edib. Mən dəfələrlə Şəhər və Respublika prokurorluğuna müraciət etmişəm. Amma mənim müraciətimə baxan yoxdur. Nə qədər gəncləri yalandan narkotik adı ilə həbs etmək olar? Belə çıxır ki, bu ölkədə hamı narkomandır. Əgər belədirsə, bu narkotikanı ölkəyə kim gətirir? Gömrükdən necə keçir? Bu absurd ittihamlarla gəncləri həbsə salmaq olmaz”.