“Oğlumu pulla ala bilməzlər” - Kökcünün atası

oglumu-pulla-ala-bilmezler
Oxunma sayı: 2013

Azərbaycan U-21 futbol millisinin üzvü Özancan Kökcünün atası Halis Kökcünün “Qafqazinfo”ya müsahibəsi:

- Oğlunuzun millimizdən imtina etməsi düzdür?

- Xeyr, bu xəbər doğru deyil. O, Azərbaycan millisində oynamaqdan qürur duyur. Hollandiya mətbuatı yanlışlığa yol verib. Çünki kiçik oğlum Onur Hollandiya U-17 millisində çıxış edir. Bu səbəbdən də onları qarışdırıblar.

- Böyük oğlunuz Azərbaycan yığmasını seçdiyi halda kiçik oğlunuz niyə Hollandiya millisində oynayır?

- Çünki kiçik oğlum üçün Azərbaycandan təklif gəlmədi. Özancan üçün təklif gəldi və qəbul etdik.

- Gəlsəydi, o da yığmamızı seçə bilərdi?

- Əlbəttə, o da qəbul edərdi. Onun yaşı azdır və tanınmır. Tanıyanda ona da təklif göndərəcəklər. Söhbət vətən, millət, qan olandan sonra bir söz deyilə bilməz. Milli komanda ürəkdən gələn duyğudur.

- Sizi Azərbaycana nə bağlayır?

- Bizim atalarımız Azərbaycandan gəlmədir. Əslimiz, kökümüz azərbaycanlıdır. Türk və ya azərbaycanlı fərq etməz.

- Hollandiyaya nə zaman köçmüsünüz və Azərbaycanda nə qədər yaşamısınız?

- 1995-ci ildə Hollandiyaya köçmüşük. Azərbaycanda yaşamamışıq. Ordan köçmüşük. 

- Fatih Terimin də Özancan üçün təklif göndərdiyi bildirilib...

- Özancan Türkiyə U-16 millisində oynayıb. O zaman Hollandiya milli komandasından imtina etmişdi. Fatih Terim də oğlumu istədi. Fransada keçirilən Avropa çempionatına aparmaq üçün Terim bir gənc oyunçu seçməli idi. Emre Mor və Özancan Kökcü arasında seçim edildi. Danimarkanın futbolunun səviyyəsi aşağı olduğu üçün Emre Mor oynadığı komandanın əsas heyətinə çıxarıldı. Ondan sonra Terim də onu milliyə dəvət edib Fransaya apardı. Bizə də deyildi ki, Özancan da dəvət olunacaq. Sonra oğlum Türkiyə millisinin təlim-məşq toplanışına getdi. Orda ona edilən ayrı-seçkilikdən narahat olub qayıtdı. Sonra da Azərbaycan yığmasını seçdi.

- AFFA rəhbərliyi və ya baş məşqçi Robert Prosineçki ilə görüşmüsünüz?

- Yox. Onların köməkçiləri ilə görüşlərimiz olub.

- Ozancanla İngiltərə və İspaniya klublarının maraqlandığı deyilir...

- Doğrudur. “Arsenal”, “Mançester Siti” onu istəyir. Bundan başqa “Everton”da Ozancanın xidmətində maraqlıdır. 2 il öncə “Atletiko” təklif göndərmişdi. Bir çox klublar Ozancanı transfer etmək fikrindədir. Hələ mövsümün sonunda onun “Feyenoord”la müqaviləsi bitəcək. Ondan sonra biz danışa bilərik.Ozancan onsuz da böyük komandada oynayır. "Feyenoord" Avropanın böyük komandalarından biridir. 

- Düşünmürsünüz ki, Azərbaycan milli komandasını seçmək Ozancanın karyerasına təsir edər?

- Milli komanda sevgi ilə seçilir. Ozancan bir zamanlar Hollandiya yığmasını seçə bilərdi. Amma o, bunu istəmədi. Türkiyə millisinə getdi və orda ayrı-seçkilik səbəbindən geri döndü. Azərbaycan yığmasından gələn təklifi isə sevə-sevə müsbət dəyərləndirdi. Milli komanda sevgisi pulla alınmır. Mənim oğlum da pull alınan biri deyil. Bütün azarkeşlərdən xahiş edirəm ki, oğluma inansınlar. O, sevgidən Azərbaycan millisinin formasını geyinir. 

- AFFA-da sizinlə kim görüşdü?

- Federasiyanın işçilərindən olan Orxan Əhmədov və uşaqlıqdan Ozancanı izləyən, Norveçdə yaşayan İsmixan Mirzəyev bizimlə əlaqə saxladı.

- Elxan Məmmədovla görüşməmisiniz?

- Yox, hələ onunla görüşməmişik. Baş məşqçi Yaşar Vahabzadə ilə görüşümüz olub.

- Ozancanın müqaviləsi mövsümün sonunda bitir?

- Bəli.