“Oğlumun cənazəsini Murov buzlarından qoparmaq mümkün olmadı”- - Fotolar

oglumun-cenazesini-murov-buzlarindan-qoparmaq-mumkun-olmadi-
Oxunma sayı: 4364


“Qafqazinfo”nun xəbərinə görə, mərasimdə övladları Kəlbəcər və Murovdağ uğrunda döyüşlərdə həlak olmuş, qarlı və şaxtalı sərt aşırımlarında şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladlarının valideynləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri və hərbçilər iştirak ediblər.

Mərasimi Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani açaraq qeyd edib ki, şəhidlər əsgəri ənənələrə uyğun olaraq hörmət və ehtiramla son mənzilə yola salınır, onların ailələrinin problemlərinin həlli üçün müvafiq tədbirlər həyata keçirilir. Müdafiə nazirinin əmri ilə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi ilə birgə Silahlı Qüvvələrdə keçiriləcək tədbirlərin təşkili üzrə işçi qrupu yaradılmış, tədbirlər planı təsdiq olunub. Murovdağ şəhidlərinin xatirə abidəsinin ucaldılmasında Əfqanıstan müharibəsi veteranları da yaxından iştirak ediblər.

Hərbi orkestrin ifa etdiyi Dövlət Himninin sədaları altında abidənin açılışını bildirən rəmzi lent kəsilib və xatirə lövhəsi vurulmuş qayanın üzərindən bəyaz örtük götürülüb.

Şəhidlərin ailə üzvləri, Qarabağ müharibəsində otuzdan çox doğmasını itirmiş kəlbəcərli Gülarə Hüseynova və başqaları çıxış edərək bu nəcib təşəbbüsə görə Müdafiə Nazirliyinin rəhbərliyinə və təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Şəhid anası demişdir ki, oğlu leytenant Elşən Böyükzadə 1994-cü ilin fevralında həlak olub. Onun cənazəsini Murov buzlarından qoparmaq mümkün olmayıb. Bundan sonra Murovdağa gedən yolda ucaldılmış bu abidə onların üz tutacağı müqəddəs bir ziyarətgah olacaq.

Tədbirdə Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının iştirakı ilə Murovdağ döyüşçülərinə və şəhidlərinə ithaf olunmuş “Ana, Murovdan gəlirəm” adlı ədəbi-bədii kompozisiya təqdim edilib.

Hərbi vətənpərvərlik həftəsi davam edir.