Oğruların tapılması üçün polisə rüşvət verdi

ogrularin-tapilmasi-ucun-polise-rusvet-verdi
Oxunma sayı: 944

Sumqayıt şəhər sakini evlərindən oğurlanan qızıl-zinət əşyalarının tapılması üçün polisin onlardan rüşvət aldığını iddia edib.

“Qafqazinfo”ya müraciət edən vətəndaş Cavid Nəsirov bildirib ki, Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən həyət evlərindən martın 19-dan 20-nə keçən gecə oğurluq olub: “Təxminən 40-45 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Evdə pul da olub, amma onu aparmayıblar. Polislər gəlib əl izi götürdülər, araşdırmağa başladılar”. 

C.Nəsirov iddia edib ki, oğrunun tutulması üçün polis rəisinin müavininə 3 min manat rüşvət veriblər: “1-ci Polis Bölməsinin rəis müavini Rövşən oğrunun tutulması üçün atam Xələf Nəsirovdan 3 min manat pul tələb edib. Atam da məcbur olub evdəki pulu aparıb Rövşən müəllimə verib. Ondan sonra da rəis müavini zənglərimizə cavab vermir. Qızıllarımız da getdi, pulumuz da.

Bölmənin baş müstəntiqi Əliəhməd bizə deyir ki, oğurluq edənlər 3 nəfər olub, bütün qızılları da Rövşən əlində saxlayır. Təkcə Vüsal adlı bir oğlanı tutublar. Vüsal mənim nişan üzüyümü, bir neçə sepi “Karvan” ticarət mərkəzində satarkən tutublar. Amma indi bizə deyirlər ki, qızıllar digər oğruda olub, o da gizlədib. Üzüklə sep də ortada yoxdur”.

Cavid Nəsirov deyib ki, tutulan oğrunun dedikləri yalandır: “Atama deyib bütün qızılları mən götürmüşəm. Atam ondan soruşanda ki, bəs pulu niyə pəncərənin qabağına qoyub qaçmışdın? Deyib mən pul görməmişəm, xəbərim yoxdur. Sonra da danışmaq istəmədiyini deyib. Amma anasına deyib ki, o biri oğruların adını desəm, məni öldürərlər. Vüsal əvvəllər də oğurluğa görə tutulub. İki ay keçib, nə o biri oğruları tuturlar, nə də qızılları qaytarırlar”. 

Sumqayıt şəhər, 1-ci Polis Bölməsinin rəis müavini, polis mayoru Rövşən Quliyev “Qafqazinfo”ya açıqlamasında E.Nəsirovun dediklərini cəfəngiyyat adlandırıb: “Xələf Nəsirov bizə deyir ki, siz cinayətkarsız. Mən də dedim bizdən şikayət etmək hüququnuz var. Biz hadisəni törətməkdə şübhəli bilinən şəxsi tutub istintaqa təhvil vermişik, cinayət işi açılıb, araşdırma da aparılır. Oğurlanan qızılların bir hissəsi maddi sübut kimi götürülərək istintaqa verilib, saxlanılan şəxs ifadəsində bildirib ki, qızılların digər hissəsini aparıb Dağıstanda satıb, pulunu da xərcləyib. Müstəntiq eskpertiza keçirib başa çatdırdıqdan sonra dəymiş ziyanı vətəndaşa qayataracaq. Mən bu proseduru dəfələrlə onlara izah etmişəm”.

Murad Əhməd