Oğurladığını aşırdı, qayıtmaq üçün yenə maşın qaçırdı

ogurladigini-asirdi-qayitmaq-ucun-yene-masin-qacirdi
Oxunma sayı: 1196

Mingəçevir şəhərində polisə üç “VAZ 2106” markalı avtomobilin qaçırıldığı barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də bir neçə dəfə məhkum olunmuş, Mingəçevir şəhər sakini Ceyhun Nəsirov tutularaq istintaqa təqdim edilib.

Araşdırma zamanı onun daha bir eyni markalı avtomobili isə Yevlax rayonu ərazisindən qaçırdığı müəyyən olunub. Belə ki, C.Nəsirov Mingəçevir şəhərindən oğurladığı avtomobil ilə Yevlax rayonu Xaldan kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsini yararsız hala salıb.

Mingəçevirə qayıtmaq üçün isə növbəti cinayət əməlini reallaşdıraraq orada olan başqa bir “VAZ 2106” markalı avtomobili qaçırıb. Saxlanılan şəxs ifadəsində hadisəni sərxoş vəziyyətdə törətdiyini və əməlindən peşman olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.