Oğurlandığı deyilən alpinistlərin xatirəsinə quraşdırılmış lövhə tapıldı - Foto

Oğurlandığı deyilən alpinistlərin xatirəsinə quraşdırılmış lövhə tapıldı
Oxunma sayı: 4191

Qar uçqununda həlak olmuş alpinistlər - Namin Bünyatov, Fəridə Cəbrayılzadə və Babur Hüseynovun xatirəsinə quraşdırılmış lövhə tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov “Qafqazinfo”ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə lövhənin oğurlanması ilə bağlı məlumat yayıldıqdan sonra məsələ barədə Qusar RPŞ tərəfindən dərhal həmin ərazidə araşdırma aparılıb və bürünc lövhə Qusar rayonu Tufandağın ətəyindəki Mahmuddərə ərazisindən tapılıb. Ehtimal olunur ki, lövhənin quraşdırıldığı yerdən itməsinə qış aylarında olan qar uçqunları və ya sel səbəb olub.

Xatırladaq ki, Tufandağ istiqamətində yürüşə çıxmış alpinistlər 2017-ci ilin dekabr ayında itkin düşmüşdü, 2018-ci il mayın 18-də isə meyitləri tapılaraq ailələrinə təhvil verilmişdi. Babur Hüseynov Astaranın Giləkəran kənd qəbiristanlığında, Fəridə Cəbrayılzadə Masallı rayonunu Şərəfə kənd qəbiristanlığında, Namin Bünyatzadə isə Şəmkir rayonunun Çinarlı qəbiristanlığında atasının yanında dəfn edilib.