Göyçayda yaşayan sahibkar Cəbrayıl Abakarov məruz qaldığı oğurluq hadisəsinin hüquq-mühafizə orqanları tərəfindən düzgün araşdırılmadığını iddia edir.
Sahibkar “Qafqazinfo”ya müraciət edərək bildirib ki, martın 26-da şəhərdə yerləşən qızıl mağazası oğrular tərəfindən talanıb. Onun sözlərinə görə, oğru həmin gün tapılmasına baxmayaraq, qızılları bu günə qədər özünə qaytarılmayıb: “Hadisədən 1 ay keçir. Mağazamdan 70 min manatlıq qızıl oğurlanıb. Hadisə anının görüntülərini dərhal polisə təqdim etmişəm. Oğurluğu törədən şəxs tapılıb. Məlum olub ki, qızılları həyətində basdırıb. Amma mənim iştirakım olmadan qızıllar oradan çıxarılıb. Daha sonra şöbədə dedilər ki, qızılların bir hissəsi yoxdur”.
Şikayətçi təxminən 30 min manatlıq qızılının ortada olmadığını bildirir: “Yerdə qalan qızılları da polis şöbəsindən ala bilmirəm. Elnur adlı müstəntiq hər dəfə deyir ki, 1-ci gün gəl. Qızılları da özümə qaytarmırlar. Üstəlik oğrular da azadlıqda gəzir, məni təhdid edirlər”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov saytımıza bildirdi ki, faktla bağlı cinayət işi açılıb: “Martın 26-da Göyçay şəhəri ərazisində yerləşən mağazadan 45 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı zərərçəkən Cəbrayıl Abakarovun müraciəti əsasında Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Keçirilən əməliyyat zamanı hadisəni törədən 3 nəfər rayon sakini - Əfsun Səlimzadə və iki nəfər yetkinlik yaşına çatmayan şəxs saxlanılıb. Cinayət işi üzrə ifadənin yerində yoxlanılması keçirilib və saxlanılan şəxslərin oğurlayaraq torpağa basdırdıqları qızıllar oradan götürülərək istintaqa təqdim edilib.
Zərərçəkən Cəbrayıl Abakarov oğurlanmış qızıl-zinət əşyalarının dəqiq siyahısını polisə təqdim etməsə də, götürülən maddi sübutların içərisində 15 000 manat dəyərində qızılların olmadığını bildirib. Odur ki, aşkar edilərək götürülmüş, eləcə də C.Abakarovun deməsinə görə ortada olmayan qızılların qiymətlərinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilib. Ekspertiza tərəfindən qiymətləndirmə yekunlaşdıqdan sonra həmin qızıllar sahibinə geri qaytarılacaq. Cəbrayıl Abakarovla Əfsun Səlimzadə arasındakı narazılığa səbəb isə təqsirləndirilən şəxsin iddiasına görə, zərərçəkənin dəymiş maddi ziyanı artıq deməsidir”.
M.Məsimov əlavə edib ki, istintaq hərəkətləri davam etdirilir. Saxlanılan üç nəfərdən ikisi barəsində yetkinlik yaşına çatmadıqları üçün “valideyn nəzarəti altına vermə”, Ə.Səlimzadə barəsində isə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
Amin Nəzərli
Son xəbərlər
Son Xəbərlər