Olan şeydi

olan-seydi
Oxunma sayı: 2047


Həyatda hər şeyi təbii qarşılamaq, baş verən hadisələri “olan şeydi” deyib keçmək vərdişimə çevrilib. Müxtəlif qəzalar, xəstəliklər, terror hadisələri nəticəsində hər gün milyonlarla insan ölür. Hər gün eşitdiyim, oxuduğum belə xəbərlər məndə demək olar ki heç bir hiss oyatmır. Çoxumuz üçün bu belədir.

Ağrını, ölümün yaxınlığını hiss edə bilməyimiz üçün gərək bomba evimizin yanında partlasın, ətrafımızda sevdiyimiz, tanıdığımız insanlar maşın qəzasında həyatını itirsin. İnsan o zaman həqiqəti daha dəqiq görür, qiymət verə bilir. 

Tibb universitetində oxumağın niyə çətin olduğunu, sürücünün niyə məsuliyyətli olmalı olduğunu, piyada keçidlərinin əhəmiyyətini yaşadığımız ağır günlərdən, bədbəxt hadisələrdən öyrənirik. Cəmiyyətin maarifləndirilməsinin əhəmiyyətini belə günlərdə daha yaxşı anlayırıq. Maariflənmə üçün dövlət qayğısı və qanunlar kifayət etmir. Ailədə verilən tərbiyyə (təhsilin) xüsusi əhəmiyyəti var. 

Artıq beş ildən çoxdur ki saat 2-dən tez yatmıram. Bu da hər səhər yuxudan oyanmağıma çətinlik yaradır. Səhərlər tənbəl və həvəssiz oluram. Bir neçə gün əvvəl dəhşətli bir xəbərlə yuxudan oyandım. Yarı yuxulu vəziyyətdə telefonumu axtarır, saatın neçə olduğunu bilmək istəyirdim. Anam hər gün olduğu kimi başımın üstündə durub məni oyatmağa çalışırdı. Amma bu dəfə məni oyatmaq üçün sadəcə bunları deməyi kifayət etdi : “Dünən F. əminin iki oğlunu da maşın vurub. Böyük oğlu yerindəcə keçinib. Balacanın vəziyyəti ağırdı.” 

Gözlərimi açıb tavana baxmağa başladım. Heç bir şey düşünə bilmirdim. Ümumiyyətlə bu cür hadisələri eşitdikdə sadəcə olaraq donub qalıram. Bir insanın 13 yaşında ölməsini heç cür anlaya bilmirəm. On üç yaşında ölmək necə mümkün ola bilər axı?! Bu heç bir ağıla və məntiqə sığmır. O insan dünyaya niyə gəlmişdi və niyə getdi, yaşamağının məqsədi nə idi! 

Ölüm haqqında düşünmək əslində absurd, lazımsız bir şeydir. Ailəmlə birlikdə Nabrana dincəlməyə getmişdik. On yeddi yaşım olardı. Tək başıma dəniz kənarında oturub qumla oynayır, qumda müxtəlif fiqurlar çəkirdim. Qəfildən hay-küy qopdu. On-on beş metr aralıda bir qız boğulurdu. Sözü uzatmağa ehtiyac yoxdur. Qız boğulub öldü, dostları ağlaşdılar, fəryad qopardılar. Mən isə oturub baxırdım. Sadəcə olaraq maraqlı görünürdü. Ha istədim bu hadisə mənə təsir etsin, kədərlənim amma alınmadı. 

Əfqanıstanlı bir sinif yoldaşım var idi. Onunla eyni otağı bölüşdüyüm bir il ərzində ölkəsində üç dostu terror qurbanı olmuşdu. Hər dəfə bir dostu öləndə gəlib mənə uşaqlığında yaşadığı, şahid olduğu terror hadisələrindən danışırdı. Məhəllələrində partlayan bomba nəticəsində gözü qarşısında ölən qonşuları, məktəbə gedərkən yol üstü asılmış insan meyidlərini seyr etməsi və s. 

Danışdığı bir hadisəni heç vaxt unuda bilmirəm. O gün Qalatasaray- Fənərbaxça derbi matçı oynanılırdı. Bu hadisəni mənə matçın birinci hissəsi bitdikdən sonra çay içərkən danışmışdı. Kefi olduqca yerində görünürdü. Əfqanıstanda futbol olub olmadığını soruşdum. O isə mənə bu hadisəni danışdı :

“Bizdə stadion yoxdur. Otluq sahədi, azarkeşlər bu otluq sahənin ətrafında, yerdə otururlar. O gün Kabil ilə Məzarı-Şərifin komandaları qarşılaşırdı. Daha doğrusu qarşılaşacaqdı. Oyunun başlamasından beş dəqiqə keçməmişdi ki üç maşın dolusu taliban terroristləri maşınlarla stadiona girdilər. Göyə atəş açıb, hamını susdurdular.  Talibanın stadiona girib, iki komandanın kapitanının başını kəsib getmələri cəmi 10-15 dəqiqə çəkdi. Futbolçuların niyə öldürüldükləri yadımda deyil. Başlarının kəsildiyi səhnə isə hələ də gözümün qabağındadır... Mən ən öndə oturmuşdum. Doqquz yaşım var idi.”

Belə mövzulardan yazmaq, bu hadisələri, əhvalatları xatırlamaq ağırdır. Bədənimə yorğunluq, ağırlıq çökür. Bundan artıq yazmağa taqətim çatmır. Əgər sonda bir söz deyilməlidirsə  o da  “şükr edin( kimə, nəyə inanırsınızsa ona), eyni zamanda cəhalətə, xurafata, haqqsızlığa qarşı mübarizə aparın”  olmalıdır. Çünki mübarizə aparmasaq şükr etməyimizin də bir əhəmiyyəti qalmır.