Olimpiada fəlsəfəsi...

olimpiada-felsefesi
Oxunma sayı: 1330


"Qafqazinfo" həmin yazını təqdim edir:

Təhsil davamlı fəaliyyət sahəsidir.Həm də sinerji ilə başa gələn sistemdir.Təhsildə istedadlı insanları  tapmaq, onlara stimul vermək, zaman məfhumunu daha doğru həllər üçün səfərbər etmək və mühit yaratmaq olimpiada fəlsəfəsinin əsas mahiyyətini təşkil edir. Maraqlısı odur ki, tarixən olimpiya oyunlarının keçirildiyi məkanlar- stadion, teatr və məbədlər  Qədim Yunanıstanda müqəddəs yerlər  sayılıb. Burada keçirilən oyunlardan əlavə, poeziya, mahnı, ritorika və incəsənətin digər növləri üzrə üzrə istedadlı şəxslər bilik, bacarıq və qabiliyyətlərini nümayiş etdiriblər. Deməli, vaxtilə bilik olimpiadası idman yarışları ilə birlikdə sinerji yaradan güc olaraq keçirilib.Bəlkə də bunun nəticəsidir ki, olimpiya oyunlarının XIX əsrin sonlarından başlayaraq keçirilməsi ideyasını o dövrün pedaqoqları işləyib hazırlayıblar.  XIX əsrin sonlarında fransızlar gənclərin fiziki tərbiyəsi təcrübəsinin oyrənilməsini qərara alır və  bu işi  1889-cu ildə pedaqoq P.Kubertenə tapşırırlar. O, xeyli ölkə gəzir, universitet, kollec və  liseylərdə olur və xarici ölkələrdəki həmkarlarına məktublar yazır. Beləliklə, 1894-ci il də Fransaya qayıdan  Kuberten  Sorbona  universitetində özünün məşhur "Olimpiya  renessansı" adlı mühazirəsini oxuyur. Bu dövrdə olimpiya ideyalarının təbliğatçıları  zamanının  böyük maarifçiləri olan Q.Spenser, C.Lokk, T.Arnold, J.J.Russo, D.Amoros və başqaları idilər. Deməli olimpiya hərəkatının mayasında maarifçilik ideyaları olub. Biz olimpiya anlayışını  təhsillə yanaşı çəkəndə bu tarixi mahiyyət yaddan çıxmamalıdır. Olimpiada zəfəri həm də seçilmiş və passionar güc sahiblərinin bioqrafiyasına yazılır. Düşünürəm ki, adlarını həmişə böyük qürurla çəkdiyimiz -Yusif Məmmədəliyev, Azad Mirzəcanzadə,  Xudu Məmmədov və digər  böyük  alimlərin ilk elmi, araşdırma yolu məktəblərdə keçirilən bilik yarışmalarından, olimpiadalardan başlayıb. İlk bilik sınağı ilə başlayan elm yolu  şagirddə,tələbədə rəqabət şəraitində mübarizə aparmaq, sinerji hissiyyatı  yaradır.

Ötən ildən başlayaraq Təhsil Nazirliyi bilik olimpiadalarının  təşkili  və keçirilməsinə xüsusi həssaslıqla  yanaşır. Əsas məqsəd biliklilərin tapılmasında şəffaflıq,dürüstlük və demokratiklikdir.Bu yanaşmada digər neqativ amillər birmənalı olaraq istisnadır. Əgər ötən ilin  bilik olimpiadası  qaliblərinin coğrafiyasına baxsaq  Balakəndən, Neftçaladan, Qəbələdən, Naxçıvandan, Salyandan  Bakıyadək böyük bir əhatədə  qalib gələn şagirdlərin siyahısını görərik. Məsələn,Neftçalanın  Xıllı  qəsəbə  məktəbinin şagirdləri  fizika  üzrə, Balakənin Humanitar və texniki təmayüllü liseyin 5 nəfər şagirdi müxtəlif fənlər  üzrə, Qəbələnin Nohurqışlaq kəndinin şagirdi kimya  fənn üzrə respublika mükafatçısı olub. Bu məktəblərin çox az bir hissəsi təmayüllü təhsil müəssisəsidir. Deməli, seçim düzgün aparıldıqda, ədalət pozulmayanda gələcəyin alimini,tədqiatçısını məktəbdə ikən tapmaq, seçmək olur. 

Olimpiada məsələsi Təhsil Nazirliyinin əsas prioritet hesab etdiyi və Təhsilin İnkişafı özrə Dövlət Strategiyasında mühüm məqsədlərlə elan olunan missiyadır. Istər bu il  keçirilən Respublika fənn olimpiadalarının  yarımfinal turu, istər Bakıda keçiriləcək  beynəlxalq kimya olimpiadası bizə olimpiada hərəkatına yeni qüvvə və ümidlərlə baxmağa zəmin yaradır. Bu ilin aprelin ortalarında keçiriləcək Respublika fənn olimpiadasının final mərhələsi sözün həqiqi mənasında bilik meydanı olacaq. Olimpiya hissiyyatı bizə həm də Bakıda ilk dəfə olaraq keçiriləcək I Avropa Oyunlarını coşqu ilə izləmək imkanı verəcək.