Olimpiadada medal qazanan şagirdlər Bakıya qayıtdı

olimpiadada-medal-qazanan-sagirdler-bakiya-qayitdi
Oxunma sayı: 1267

Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında ölkəmizi uğurla təmsil edən məktəblilərimiz Vətənə geri dönüblər.

"Qafqazinfo" xəbər verir ki, medalçılarımız olimpiada ilə bağlı təəssüratlarını "Təhsil" televiziyası ilə bölüşüblər.

Qeyd edək ki, 20 ölkədən 588 nəfər şagirdin iştirak etdiyi olimpiadada informatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Abutalıb Namazov qızıl, Murad Eynizadə gümüş və Gəncə şəhəri 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıb. 

Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Murad Ağazadə və Abbas Məmmədov gümüş, həmin liseyin 9-cu sinif şagirdi Toğrul Abbasov və Şuşa rayon Malbəyli kənd 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Vüqar Quliyev bürünc medal qazanıb.

Fizika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Məhəmməd Yusifov isə bürünc medala layiq görülüb.

Beləliklə, Azərbaycan məktəbliləri bu olimpiadada 1 qızıl, 3 gümüş və 4 bürünc medal olmaqla ümumilikdə 8 medal əldə ediblər.