“Ölkə ərazisində yanğınlara qarşı mübarizə” mövzusunda görüş keçirilib - Fotolar

olke-erazisinde-yanginlara-qarsi-mubarize-movzusunda-gorus-kecirilib
Oxunma sayı: 1450

Xaçmazda Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar və Kənd Təsərrüfatı Nazirliyinin nazir müavinləri, icra hakimiyyətlərinin məsul şəxsləri və bələdiyyələrin iştirakı ilə “Ölkə ərazisində yanğınlara qarşı mübarizə” mövzusunda sahibkarlar və fermerlərlə görüş keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, görüşdə ETSN-in nazir müavini Firdovsi Əliyev bildirib ki, meşə yanğınlarının əksəriyyəti insan faktoru ilə bağlıdır. Belə ki, təbiət qoynunda istirahət edən insanların ehtiyatsızlığı, taxıl zəmiləri biçildikdən sonra onlara od vurulması yanğınlara və onların genişlənməsinə səbəb olur. 

“Bəzi insanlar düşünürlər ki, taxıl biçinindən sonra sahəyə od vurulması məhsul bolluğuna gətirib çıxaracaq, lakin bu, yanlış düşüncədir, çünki bu zaman torpağın məhsuldar üst münbit qatı, torpaqdakı minerallar məhv olur”, - o deyib. 

Nazir müavini qeyd edib ki, bu cür ehtiyatsız hərəkətlər yaşıllıq ərazilərin, meşələrin yanaraq məhv olması ilə yanaşı, yanğınla mübarizə aparan yanğınsöndürənlərin, nazirlik əməkdaşlarının, kənd sakinlərinin həyatını təhlükəyə atır. Buna görə də, hər kəs bu cür hərəkətlərdən çəkinməli, təbiət qarşısında öz məsuliyyətini anlamalıdır.