“Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçıları - Lənkəranda

olkemizi-taniyaq-tur-aksiyanin-istirakcilari
Oxunma sayı: 2263

“Ölkəmizi tanıyaq” layihəsinin beşinci mərhələsi çərçivəsində təşkil edilmiş tur-aksiyanın Ucar, Yevlax, Zərdab, Ağdam, Xocalı, Xocavənd, Kəlbəcər və Laçın rayonlarının IX-XI sinif şagirdləri və onların müəllimləri martın 16-da axşam saatlarında Lənkərana gəliblər.

“Qafqazinfo”ya daxil olan məlumata görə, aksiya iştirakçılarını Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyətin nümayəndələri qarşılayıblar.

Şəhər icra hakimiyyəti başçısının müavini İlkin Rəhimov cənub bölgəsinə səfər edən məktəbliləri və onların müəllimlərini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, onlara mənalı istirahət arzulayıb.

İ.Rəhimov qeyd edib ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin vətənə, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə hörmət və məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir.

Maarifləndirici tur-aksiyanın iştirakçıları martın 17-də Lənkəran rayonuna səyahətlərini davam etdiriblər.

Lənkəranla tanışlıq məktəblilərdə zəngin təəssürat yaradıb. Onlar ölkəmizin regionların daha yaxından tanımaq üçün yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.