Ölüb-ölüb dirilən müğənni...

olub-olub-dirilen-mugenni
Oxunma sayı: 1388

Hər zaman ustadının-xalq artisti Mübariz Tağıyevin adına layiq olmaq üçün çalışır. Söhbət sənət meydanına «Yeni ulduz» mahhnı müsabiqəsinin «şinel»indən çıxan gənc müğənni Zəka Zeynalovdan gedir. Son vaxtlar gündəmi «Ölüb-ölüb dirildim» hiti ilə zəbt edən Zəkanı biz də söhbətə çəkdik. Amma bəribaşdan bizimlə bir şərti də oldu: «Qalmaqal, dedi-qodu mənlik deyil, mən əsil sənət barədə danışacağam»… «Şərti şumda kəsdik» ki, necə deyərlər «xırmanda yabalaşmayaq».

- Zəka, bildiyim qədər böyük səhnəyə «Yeni ulduz» yarışmasından başlamısan…
- Bəli mən bunu hər zaman demişəm və yenə də təkrar edirəm ki, sənət aləmində qarşımda «yaşıl işıq» yandıran məhz «Yeni ulduz» yarışması olub. Və bu yarışma mənim səhnə taleyimdə böyük rol oynadı. Mən bu yarışmada estradamızın canlı korifeyi xalq artisti Mübariz Tağıyev kimi ustad bir sənətkarla qarşılaşdım. İlk dəfə o mənim ifamı dinləyəndə «Zəka, sənin gözəl səsin var, oxumalısan»-dedi. Mən ustadın dilindən bu sözləri eşidəndə sanki yeri-göyü mənə verdilər və mən daha ürəklə oxumağa başladım. Yarışmada üçüncü yerə layiq görüldüm və sənət meydanına atıldım. Mən bu sənətin incəliklərini Mübariz Tağıyevdən öyrəndim.

- Yaman «Ölüb-ölüb dirildim»-deyib oxuyursan…
- Bu mahnının musiqisi Xanım İsmayılqızına, sözləri isə Günay Yaşara aiddir. Mahnı elə oxuduğum vaxtdan dərhal tutdu. Hər kəs bu mahnıdan danışır. Tamaşaçıların bu marağını nəzərə alıb mahnını ekran versiyasını da ərsəyə gətirdik.
- Axırıncı yox axarıncı olsun. Duet necə, oxumaq niyyətin varmı?
- Açığı gözəl sənətkarımız xalq artisti Flora Kərimova və əməkdar artist Firuzə İbadova ilə duet oxumaq arzusundayam.

- Bu barədə fikrini onlara demisənmi?
- Hələ ürək etməmişəm. Amma ümid edirəm ki, hər zaman gənclərə dəstək olan və cavanların sözünü yerə salmayan Flora xanım mənim də arzumu gerçəkləşdirər. Həmçinin də Firuzə xanım.

- Repertuarın çox zəngindir. Müasir və retro mahnılarını eyni arada məharətlə ifa edirsən…
- Mən retro mahnılarını çox sevirəm. Hər zaman gözəl sənətkarlarımızın ifasında o mahnıları dinləyib feyziyab oluram. Yeri gəlmişkən, mən xalq artisti Akif İslamzadənin də səsinin və ifasının vurğunuyam. Eyni zamanda müasir bəstəkarların da musiqilərini həvəslə repertuarıma daxil edirəm. Rəngarəngliyi çox sevirəm.

- Məsələn?
- Nicat Məmmədov, Firuz Əsgərov, Firuz Abbasbəylinin mahnıları ruhuma çox yaxındır.

- Söhbətin əvvəlində mənimlə şərt kəsdin ki, «qalmaqal,dedi-qodu» olmayacaq. Bu şou-biznes axı qalmaqallardan xali deyil…
- Bilirəm. Amma mən həmişə çalışacağam bu qalmaqallara sərf etdiyim enerjini sənətimə sərf edim. Qalmaqalla üç gün beş gün gündəmdə qalmaq olar, amma sənət meydanında duruş gətirmək olmaz. Ustad sənətkarlarımız heç vaxt qalmaqala getməyiblər, amma bugün də adları musiqi tariximizdə yaşayır. Mən belə sənətçilərdən olmaq istəyirəm.

- Şou-biznes, rastkrutka, albom, mahnılar, kliplər-bütün bunlar maddiyyat tələb edir. Belə deyək də, bu dəstəyi sənə göstərən varmı?
- Bütün maddi məsrəflərimi hələ ki, atam ödəyir. Mən hələ ki bu sənətə maddi gəlir mənbəyi kimi baxmıram və çalışıram ki, səhnədə parlayım.

- Ən böyük arzun nədir?
- Gələcəkdə Azərbaycan musiqisini xarici ölkələrdə təbliğ və təmsil etmək. Bugün Azərbaycan dünyada tanınır, muğamımız, aşıq sənətimiz, ümumiyyətlə musiqimiz əcnəbilərin ürəyini ovsunlayıb. YUNESKO səviyyəsində musiqimiz məşhurdur. Mən bunnula qürur duyuram və arzum budur ki mən də sənətimlə beynəlxalq səhnələrdə oxuyum.

- Eurovision yarışmasında özünü sınamaq fikrin yoxdur ki?
- Eurovision yarışması məsuliyyətli bir yarışmadır və mənim də arzumdur k, özümü bu yarışmada sınayım. Gələcəkdə bu baş verəcək amma hələ ki, özümü bu yarışmaya hazır bilmirəm.

- Zəka, internetlə aran necədir?
- Əla. İnternet və sosial şəbəkələr mahnılarımın yayılmasında və tanınmasında böyük rol oynayıb. Dostlarım da çoxdur və onlarla ünsiyyətdən zövq alıram.

- Xanım dostların çoxdur? Dostlarımın çoxu qızlardır.
- Sevdiyin qız var?

- Hələ ki yox.

- Evlənmək barədə hələ düşünmürsən ki?
- 21 yaşım var və hər bir gənc kimi mən də gələcəkdə xoşbəxt ailə sahibi olmaq arzusundayam. Amma hələ tezdir.