Məlum olduğu kimi, bir neçə gün əvvəl Hava limanı-Bilgəh yolunda “Mercedes Vito” markalı nəqliyyat vasitəsi və yük maşının iştirakı ilə ağır yol qəzası baş verib. Nəticəsi ağır olan qəzada 3 nəfər həlak olub, 6 nəfər isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
“Qafqazinfo”nun məlumatına görə, qeyd edilir ki, mikroavtobusun sürücüsü Bakıətrafı kənd və qəsəbələrdən şəhər istiqamətinə qeyri-leqal sərnişindaşıma ilə məşğul olub. Qanunsuz sərnişin daşıması bir yana, sürücünün yol-hərəkət qaydalarını da kobud şəkildə pozduğu, yük maşınının qarşısına keçərək qəzaya səbəb olduğu bildirilir.
Son vaxtlar paytaxtda bu cür qeyri-leqal sərnişindaşıma ilə məşğul olan 7-8 yerlik “Mercedes Vito”, “Viano” və ya bir qədər artıq tutumlu “Sprinter" kimi mikroavtobusların sayı artıb. Buna səbəb həm də pandemiya dövründə ictimai nəqliyyatın hərəkətinə bəzi məhdudiyyətlərin tətbiq olunması, şəhərlərarası marşrutların işləməməsidir. Əsasən “20 Yanvar”, “28 May” və “Koroğlu” metrostansiyalarının yaxınlığında müştəri toplayan belə mikroavtobus sürücüləri tələsdiklərindənmi, ya daha çox adam toplamaq istəyi ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar. Onlar sürət həddini aşır və ya ötmə qaydalarına əməl etməyərək qəzalara səbəb olurlar.
.jpg)
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, paytaxtda sərnişindaşıma işi hələ də düzgün təşkil olunmayıb:
“Mərdəkan yolunda baş verən ağır qəza paytaxtda sərnişindaşıma işinin nə qədər təhlükəli səviyyədə olduğunu bir daha ortaya qoydu. İllərdir vurğuladığımız ekspres marşrutlar təşkil olunsa, normal mikroavtobuslarla peşəkar sürücülər bu işə cəlb olunsa, yəqin belə mənzərə olmaz. İnsanlarımızı taleyin ümidinə buraxmaq heç yaxşı deyil... Yollarda çox ehtiyatlı olun. Çətin olsa da, hansı nəqliyyat vasitəsinə mindiyinizə imkan daxilində diqqət edin”.
.jpg)
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov “Qafqazinfo”ya bildirib ki, baş verən bu cür hadisələrin ağırlıq dərəcəsi vətəndaşlarda narahatlıq yaratdığı kimi polisi də narahatlıq edir:
“Biz dəfələrlə həm aidiyyati qurumla, həm də təkbaşına KİV-in iştirakı ilə qeyri-peşəkar səviyyədə, yol-hərəkət qaydalarını pozaraq qeyri-qanuni sərnişindaşıma hallarına qarşı təbliğat aparmışıq. Sükan arxasında olan sürücülərin tələsməsi, yol hərəkəti qaydalarına riayət etməməsi və pul qazanmaq istəklərini ortaya qoymuşuq. Təəssüf ki, bəzi qurumlar dövlət yol polisinin nəzarətinin zəif təşkil olunduğunu vurğulayırlar. Əgər sərnişindaşıma yüksək səviyyədə təmin edilsə, bu məsələ özü avtomatik öz həllini tapacaq. Ancaq bəzi sahələrdə nöqsanlar var və o nöqsanların aradan qaldırılmasında təkcə biz polislər yox, həmçinin vətəndaşlar da iştirak etməlidirlər".

V. Əsədov, həmçinin, sərnişin və sürücülərə müraciət edərək yol hərəkəti qaydalarını öyrənməyə, öz təhlükəsizliklərini təmin etməyə çağırıb: “Sərnişin avtobuslarından istifadə etmirsinizsə, tanınan taksilərdən istifadə edin. Yol kənarında “1 manatlıq” taksilərdən istifadə etməyin. Vətəndaş “1 manatlıq” taksidən istifadə edirsə, baxmalıdır ki, sükan araxasında kimdir, onun sürücülük vəsiqəsi varmı?!”
Qeyri-leqal sərnişindaşıma ilə bağlı problemlər Bakı Nəqliyyat Agentliyini də narahat edir. Agentliyinin mətbuat katibi Mais Ağayev “Qafqazinfo”ya bildirib ki, bu fəaliyyətlə məşğul olan şəxslər daşımaları sərnişindaşıma tələblərinə cavab verməyən, bəzən isə texniki baxımdan istismara yararlı olmayan nəqliyyat vasitələri ilə icra edirlər. Bu da öz növbəsində sərnişinlərin rahatlığı və ən əsası da təhlükəsizliyi baxımından çox ciddi risk hesab olunur:
“Bundan əlavə, qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən sürücülərin xüsusən metrostansiyaları ətrafında dayanma-durma, parklanma qaydalarını kobud şəkildə pozurlar ki, bu da bildiyiniz kimi nəqliyyat şəraitinə mənfir təsir edir. Bu gün müntəzəm və ekspress xətlər üzrə sərnişin avtobuslarının intervalındakı gecikmələr də məhz qanunsuz sərnişindaşımaların yaratdığı çətinliklərlə bağlıdır. BNA qanunsuz sərnişindaşımalarla qarşı tədbir görülməsi üçün səlahiyyəti olan qurumlara mütəmadi olaraq müraciətlər edib.
Eyni zamanda onu da bildirim ki, qanunsuz sərnişindaşımaların qarşısının alınması, insanların bu cür nəqliyyat vasitələrindən istifadəsini azaltmaq üçün tərəfimizdən də bir sıra tədbirlər görülür. Tərəfimizdən qanunsuz sərnişindaşıma hallarının olduğu istiqamətlər üzrə müvafiq təhlillər aparılıb. Əsas tələbat ətraf kənd və qəsəbələr istiqamətindədir”.

BNA rəsmisi həmçinin vurğulayıb ki, Prezidentin tapşırığına əsasən avtobus parkının yenilənməsi çərçivəsində şəhərə 170 ədəd 9 metrlik müasir və sərnişindaşımalara tam cavab verən avtobuslar gətiriləcək: “Ötən il də 35 ədəd belə nəqliyyat vasitəsi gətirilmişdi. Bu avtobusların hamısı məhz ətraf kənd və qəsəbələr istiqamətində sərnişinlərin xidmətinə veriləcək. Bir dəyişikliyi misal olaraq göstərim, məsələn bu yaxınlarda Koroğlu-Qala-Pirallahı istisqamətində sərnişindaşımaları təkmilləşdirildi. Yeni “Q1” xətti təşkil edildi, köhnə sınıq-salxaq avtobuslar xətdən kənarlaşdırıldı. Artıq bu istiqamətdə qanunsuz sərnişindaşımalara müraciət hallarında azalma müşahidə edilir. Eləcə də tələbatın olduğu digər istiqamətlərdə də analoji addımlar atılacaq”.
.jpg)
Xatırladaq ki, indiyə qədər ölkə ərazisində ən çox xəsarət və insan tələfatı ilə nəticələnən yol qəzaları qeyri-leqal sərnişindaşıma ilə məşğul olan mikroavtobus və “1 manatlıq” taksilərin iştirakı ilə baş verib. Təkcə may ayı ərzində Bakı-Qazax, Bakı-Zaqatala yollarında, Ucar, Cəlilabad, Sabirabad, Lənkəran, Neftçala rayonları ərazisində 10 yaxın belə mikroavtobus qəzası verib. Belə dəhşətli qəza hadisələrindən biri də 2017-ci ildə Bakı-Sumqayıt yolunda baş vermişdi.
Sürət həddini aşan və yol hərəkəti qaydalarını kobud şəkildə pozan mikroavtobus sürücüsü 6 tələbənin ölümünə, 17 nəfərin yaralanmasına səbəb olmuşdu. Araşdırma nəticəsində mikroavtobus sürücüsünün sürət həddini aşdığı üçün 70 dəfədən çox radara düşdüyü ortaya çıxmışdı. Bundan əlavə, 14 yerlik mikroavtobusda 24 yer quraşdırıb, üstəlik ayaq üstə də sərnişin daşıyıb və metronun “20 yanvar” stansiyasının həndəvərində hamı onu “bərksürən” kimi tanıyırmış. Hadisədən sonra bir müddət qeyri-leqal sərnişin daşıyan mikroavtobus və 1 manatlıq taksilər bir müddət ərazidən yığışdırılsa da, sonradan yenə də fəaliyyətlərini bərpa etdilər.
Gülnar Əliyeva