Əsgərlikdə olanda gizlin-gizlin kiminsə telefonu ilə xəbərlərə, feysbuk hesabıma göz gəzdirdiyim o tifil günlərimin birində gördüm, dostlar azadlığımın sərhədləndiyi məsafələrin o biri üzündən ağı deyir: “Məmməd İsmayıl ölüm ayağındadı”.
Elə xəbəri eşidən kimi dilimin altında gizlətdiyim misraları pıçıldamağa başladım: “Bu mənəm, a kəndim, tanımadınmı, bu həmin Məmməddi, bir az sınıxıb...”
Həmin vaxt bir ətcə sərçə balası düz pəncərənin ağzına qonub cikkildədi. O axtardığı dən məndə yox idi, amma dəqiq bildim ki, Məmməd İsmayıl ölməyəcək, dedim, yox, bu kişi mərd kişidi, məni gözləyəcək, bu sərçənin Allahı onu öldürməz...
Məmməd İsmayılın ağır vəziyyətdə olduğunu eşitdiyim səhərin xiffətli axşamçağısı gün növbətçisi idim. Elə boğazı nazilmiş sərçə kimi “tumbuçka”da dayandığım həmin günün axşamı hardansa bir şeir gəlib ürəyimi dimdiklədi. Misra yadımdan çıxmasın deyə “tumbuçka”nın üstünə yazdım. Buna görə bizi danlamasınlar deyə, qələmin izini “tumbuçka”dan silmək üçün hansı təlatümləri keçirdiyimi Allah bilir... Xidmət saatım bitən kimi balaca dəftərçəmə “Şairə deyin, ölməsin” şeirimi qaraladım...
Əsgərlikdən qayıdandan qısa müddət sonra Türkiyədə keçirilən ədəbiyyat festivalına getdik. Yazıçı Əyyub Qiyasla silsilə tədbirlərdən yaxa qutarıb düşdük Ankaranın canına. Əyyub Qiyasdan acizanə xahişim oldu ki, məni Məmməd İsmayılın müalicə aldığı Qazi xəstəxanasına aparsın.
– Nadir, Məmməd əmi istəmir ki, kimsə elə vəziyyətdə onu görsün, – Əyyub Qiyas tərəddüd etdi.
– Əyyub müəllim, sən məni apar, – əsgərlikdə yazdığım şeirin cəsarəti ilə inad etdim.
Getdik. Məmməd İsmayılın palatası üçüncü mərtəbədə idi. Lift açılanda düz üzbəüz qarşılaşdığım lövhə əsgərlikdə azadlığımın sərhədləndiyi məsafələrin o biri üzündən aldığım xəbərin əyani və bir az da namərdcəsinə əksi idi: “Mehmet İsmail - 104-cü oda”.
Mehmet... İlahi, o təpər hara itmişdi? O səs, o görünüş, o çılğınlıq... Xəstəlik hamısını almışdı əlindən. Dedi, 84 yaşım var, ölüm umrumda belə deyil, dünyanın ən uzun çayı da bir yerdə başlayır, bir yerdə bitir.
O çay bitməmiş mən Məmməd İsmayılı gördüm, şair ölmədi.
Adını həmin lövhədən pozub qaçmaq istədim düz həmin şeiri yazdığım “tumbuçka”ya kimi.
Bu görüşdən bir müddət sonra Məmməd İsmayılı Bakıya gətirdilər. Vəziyyəti get-gedə ağırlaşırdı. Hamımız xəbərdar idik, əlimizdən heç nə gəlmirdi. Günün birində şair Ehtiram İlham mənə zəng vurdu: “Allahına qurban olum, dərdiş, Məmməd əmi ölür. Zəng eləmişdim, deyir, bu Yer üzündə ölünün də bir yiyəsi olmalıdı, ölürəm!”
Allah-Allah... Gəl indi şəstlə siqaret çək, bir bədii cümlə yaz, kişi kimi yaşa də...
Həmin an Ehtiram İlhamın adından bir müraciət yazıb “Kulis”ə yolladım. Zəng vurub ərklə dedim: “Bu müraciəti dərhal dərc edin, dostlarım”.
Müraciət yayımlanandan bir az sonra “Heydər Əliyev Fondu Məmməd İsmayılın müalicəsini üzərinə götürüb” başlıqlı xəbər oxuduq. Şair xəstəxanaya yerləşdirildi, əməliyyat olundu. Bu Yer üzündə Məmməd İsmayıla yiyə duran oldu. Buna görə nə qədər təşəkkür etsək, azdı. Bu dünyada hamının belə bir təpərli qahmarı olmalıdı...
Şükür, bu iyul günü, bir az sonra bir payız axşamı, sonra qar altından... həmişə, hər an cikkiltisi qulağımızda səslənən etibarlı sərçələrin Allahına. Məmməd İsmayıl sağdı, yaşayır, ağrıları da azalıb. Azərbaycanın görkəmli şairi, professor Məmməd İsmayıla şeirləri xatirinə dinclik diləyirəm.
Məni gözləyənlərdən biri də sən ol,
mən oldum, olmadım,
bəlkə, öldüm, ölmədim
gözlə, gözünə ehtiyac,
sözünə möhtac,
misrana ac olanlar var…
gözlə, kimsə naəlac olmasın…
şairə deyin, ölməsin…
Nadir YALÇIN