“Olympus” və “N-Turan” şirkətlərinin vəzifəli şəxslərinə cinayət işi açıldı

“Olympus” və “N-Turan” şirkətlərinin vəzifəli şəxslərinə cinayət işi açıldı
Oxunma sayı: 2092

Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 2 ünvanında hündürmərtəbəli yaşayış binalarının inşası zamanı orada olan ağacların qanunsuz kəsilməsi  ilə bağlı daxil olmuş material üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Qurumun Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, “Olympus” MMC və “N-Turan” MMC–nin vəzifəli şəxsləri yaşayış binalarının tikintisi üçün əlverişli şərait yaratmaq məqsədilə qeyd edilən ünvanda yerləşən torpaq sahəsindəki  meşə fonduna daxil olmayan ağacların qanunsuz kəsilməsinə göstəriş veriblər.

Nəticədə dövlətin qanunla qorunan mənafelərinə ümumilikdə 27 min manat məbləğində ziyan vurmalarına əsaslı  şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə)  və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə həvalə edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.