Omskda uçan kazarmanın rəisi həbs olundu

omskda-ucan-kazarmanin-reisi-hebs-olundu
Oxunma sayı: 1318


"Qafqazinfo"nun anspress-ə istinadən məlumatına görə, 242 saylı tədris mərkəzinin rəisi polkovnik Ponomarev dindirilib. 

İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markinin sözlərinə görə, o hərbi qulluqçuların kazarmaya yerləşdirilməsinə icazə verdiyi üçün baş vermiş faciədə qismən günahkar olduğunu etiraf edib. 

Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 91-ci maddəsi ilə ona qarşı cinayət işi açılıb. Ponomarevə qarşı yaxın günlərdə ölçü götürülməsi planlaşdırılır. İstintaq Komitəsi faciəyə aidiyyatı olan bütün şəxslərin müəyyən edilməsi yönündə aktiv istintaq fəaliyyəti və operativ tədbirlər aparır.

Xatırladaq ki, Omsk şəhərinin Svetlı qəsəbəsində yerləşən hərbi kazarmanın 4 mərtəbəli təlim korpusunun bir bölümünün damı və divarın bir hissəsi gecə saatlarında uçub. Qəzanın binanın tikintisi zamanı yol verilən səhlənkarlıq ucbatından baş verdiyi bildirilir. Belə ki, faciədən sonra kazarma binasının restavrasiyasında iştirak edən mütəxəssislərdən biri təmir işləri zamanı şahidi olduğu səhlənkarlıqdan danışıb. Omsk sakini Vladimir Nastıçenkonun sözlərinə görə, briqadada onunla birlikdə reabilitasiya mərkəzində müalicə alan narkomanlar və əyyaşlar çalışıb. 

Baş vermiş hadisədə həmin an binada olan 337 nəfərdən 45-i dağıntılar altında qalıb. Onlardan yalnız 22-ni xilas etmək mümkün olub. Dağıntılar altından gün ərzində 23 nəfərin cəsədi çıxarılıb. Xilas edilən 19 nəfərin əksəriyyəti ağır və çox ağır vəziyyətlərdə xəstəxanalara çatdırılıb. 

Hərbi kazarmanın uçması faktı ilə bağlı "Səhlənkarlıq" maddəsilə cinayət işinə başlanıb. Faktla bağlı araşdırma aparılır. Hadisənin araşdırılması üçün Moskvadan Omska Müdafiə Nazirliyinin xüsusi komissiyası da cəlb olunub.