“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan millət vəkili bunun öz komfortunu düşünən və Bakıda daimi qeydiyyatda olan əhali üçün cəlbedici yanaşma olduğunu bəyan edib: “Ancaq nəzərə almalıyıq ki, ölkənin bütün infrastrukturu Bakı ilə bağlıdır və təəssüf ki, vaxtında bu şəhərin məskunlaşma yükünü azalda bilmədik. İndi rayonda yaşayan və çörəkpulu Bakıdakı işindən, çalışmasından çıxan on minlərlə insanın vəziyyəti necə olacaq? Hamımız tıxac probleminin həllindən yanayıq, ancaq bunu vətəndaşın çiləsi hesabına etməzlər ki?!... Rayon nömrəli maşın sahibinin öz evinə aparacağı çörəkpulunun bizə hansısa aidiyyatı yoxdurmu? Onların da normal yaşamasını bizlər də istəmirikmi? Məncə, daha ağlabatan yollar tapılmalıdır. Avropa Oyunlarına görə hamı anlayışla davrandı, bir ay bunun tətbiqi üçün hamı fədakarlıq etdi. İndi isə bunun davam etməsi həm də insan haqları baxımından doğru sayılmaz”.
Onun sözlərinə görə, Nəqliyyatın İntellektual İdarəetməsi mexanizmində nəhayət ki, intellekt işə salınmalıdır: “Yollarda təhlükəsiz velosiped zolaqları açılmalıdır və bu nəqliyyat vasitəsindən istifadə üçün vətəndaş təşviq olunmalıdır. Metrodan başqa heç bir ictimai nəqliyyatın ayrıca hərəkət zolağı olmadığına görə, tıxaclar qaçılmaz olur. Bu barədə düşünülməlidir. Parkinq yerləri ucuz və rahat olmalıdır ki, adamlar maşınların burada rahatlıqla saxlayıb tıxac yaratmasınlar. Daha başqa nələrisə düşünmək olar, ancaq bütün hallarda rayon nömrəli maşınların şəhərə buraxılmaması rayonda yaşayan aztəminatlı ailələrin daha da sıxıntı içində yaşamasına rəvac verə bilər”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər