On üç arıçı Kəlbəcər yaylaqlarına yola salındı - Fotolar

on-uc-arici-kelbecer-yaylaqlarina-yola-salindi
Oxunma sayı: 1899

Bu il Kəlbəcər yaylaqlarına 20 mindən artıq arı ailəsinin köçürülməsi planlaşdırılır.

Kənd Təsərrüfatı Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Kəlbəcər rayonu üzrə 28 mindən çox arı ailəsi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçib. Bu arı ailələrinin əksəriyyəti Kəlbəcər yaylaqlarına köçürüləcək.

Artıq 500-dən çox fermer arıçılıq təsərrüfatlarını yaylaqlara aparmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin elektron portalında qeydiyyatdan keçib. Qeydiyyat prosesi aprelin 30-da başa çatacaq.

Azad olunmuş ərazilərə ötən il olduğu kimi yenə də yalnız həmin rayondan olan fermerlərin təsərrüfatları köçürüləcək. Bu il Kəlbəcər yaylaqlarına, həmçinin Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən damazlıq arıçılıq və qoyunçuluq təsərrüfatlarının da köçürülməsi nəzərdə tutulur.

Portalda qeydiyyatdan keçmiş arıçılıq təsərrüfatlarının rəhbərləri 10-12 may tarixlərində Göygöldə yerləşən ANAMA-nın Təlim Mərkəzində azad olunmuş ərazilərdə xüsusi davranış qaydaları ilə bağlı təlimlərə cəlb olunacaq. Təlimləri başa vurmuş fermerlər köç etdikləri ərazilərdə müvafiq təlimata uyğun davranacaqlarına dair iltizamnamə imzaladıqdan sonra, onların mərhələli şəkildə yaylaqlara köçü təmin ediləcək.

Bu gün təliməri başa vurmuş 13 arıçıdan ibarət 5 arıçılıq təsərrüfatı Kəlbəcər yaylaqlarına yola salınıb. Mərasimdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov yaylaq mövsümünün başlaması münasibətilə kəlbəcərli arıçıları təbrik edib. O bildirib ki, ötən il ilk dəfə pilot layihə çərçivəsində Kəlbəcər və Laçın yaylaqlarına arıçılıq təsərrüfatlarının köçü təmin edilib. Mövsümü doğma yaylaqlarda keçirən arıçılıq təsərrüfatlarında yüksək məhsuldarlıq əldə olunub. 2021-ci ildə Kəlbəcər və Laçın yaylaqlarına 4500-dən artıq arı iləsi köçürülüb, bu il isə təkcə Kəlbəcər rayonu ərazisinə 20 mindən çox arı ailəsinin köçürülməsi planlaşdırılır.

Çıxşlardan sonra fermerlərin köçlə əlaqədar çoxsaylı sualları cavablandırılıb, irəli sürülən təkliflər qeydə alınıb. Tədbirin sonunda ANAMA-nın Təlim Mərkəzində təlimləri başa vurmuş fermerlərin rəhbərlik etdiyi təsərrüfatlar Kəlbəcər yaylaqlarına yola salınıb.