Həmişə belə olur: yay fəsli başlayanda jurnalistlər tanınmış adamları sorğu-sual edirlər ki, harada dincələcəksiniz?
Respondentlərin biri Türkiyənin, digəri isə Rusiyanın adını çəkir. Gözə gəlməkdən qorxan şou-biznes əhli isə adətən belə cavab verir: “Hələ qərar verməmişik”. Amma aradan bir həftə keçməmiş səsləri ya Milandan, ya da Praqadan gəlir. Bundan sonra suallar yağış kimi yağmağa başlayır: Azərbaycanın nəyi sizin xoşunuza gəlmir? Niyə pullarınızı əcnəbi ölkələrdə xərcləyirsiniz?
Təəssüf ki, Azərbaycanda turizm sektorunun inkişafı istiqamətində görülən işlər nəticəsiz qalıb. Bu, bir həqiqətdir ki, azərbaycanlılar doğma vətəndə dincəlmək istəmirlər. Ona görə yox ki, bizlər nankoruq, vətənin çörəyini yeyib, suyunu içib, onu bəyənmirik. Əsas səbəb odur ki, bu ölkədə dincəlməyə bizim pulumuz çatmır. Azərbaycan dünyanın ən bahalı ölkələri sırasında yer alır. Turizm sektorundakı yüksək qiymət və aşağı xidmət azərbaycanlıların qonşu ölkələrə üz tutmasına səbəb olub. Vəziyyət o qədər acınacaqlıdır ki, “AZAL” əhalinin ölkəni tərk etməməsi üçün qiymətləri fantastik həddə çatdırıb. Buna görə də əksəriyyətimiz xarici ölkələrə qonşu Tbilisidən getməyə üstünlük veririk. Hazırda Bakı-İstanbul-Bakı reysinin qiyməti Tbilisi-İstanbul-Tbilisi reysinin qiymətindən iki dəfə bahadır.
Bu sətirləri klaviaturada döyəclədiyim zaman internet vasitəsilə bəzi dəqiqləşdirmələr apardım. Hazırda Türkiyənin Antalya bölgəsində, məşhur Kəmər qəsəbəsində bir nəfərin 7 günlük istirahəti 450 manata başa gəlir. Kiçik riyazi hesablama apardığımız zaman məlum olur ki, Kəmərdə dəniz sahilində yerləşən üçulduzlu “Asia” otelində bir gün dincəlmək üçün cəmi 65 AZN tələb olunur. Bu qiymətə gecələmə və gündə beş dəfə yemək daxildir. Ən əsası isə 7 günlük istirahət üçün tələb olunan 450 AZN-i bəribaşdan ödəyən turist Tbilisidən Türkiyəyə gediş-dönüş üçün pulsuz təyyarə bileti əldə edir.
Apardığımız araşdırma zamanı o da məlum oldu ki, 4 nəfərlik ailənin Misirin məşhur “Zouara” otelində 7 gecə 8 günlük istirahəti 1701 AZN-ə başa gəlir. Bu pula Tbilisidən Misirə təyyarə vasitəsilə gediş-dönüş, gecələmə və gündə beş dəfə yemək daxildir. Qonşu Gürcüstanda, sovet dövrünün yadigarı olan “Sxaltubo” sanatoriyasında dincəlmək isə nəinki Azərbaycandan, hətta Misir və Türkiyədən də qat-qat ucuzdur. Müalicəvi əhəmiyyətə malik olan “Sxaltubo”da 4 nəfərlik ailənin bir həftəlik istəirahəti bizim pulla 326 manata başa gəlir. Halbuki Azərbaycanda çoxlarımızın bəyənmədiyi Nabranda fəaliyyət göstərən “Pavilion Guest House” otelində 4 nəfərlik ailənin bir həftə gecələməsi üçün nə az, nə çox, düz 980 manata tələb olunur. Bura nəqliyyat xərcini və qidalanmanı da daxil edəndə qiymət 2000 AZN-i ötür. Əgər Gürcüstanda, Türkiyədə, lap elə uzaq Misirdə dənizin qumlu sahillərində dincəlmək Nabranda, o cümlədən, Qəbələdə, Şəkidə dincəlməkdən ən azı 50 faiz ucuz başa gəlirsə, biz niyə xaricdə istirahət etməkdən çəkinməliyik? Buna görə biz yox, bizi hərifləmək istəyən oliqarxlar utanmalıdırlar...
Son xəbərlər
Son Xəbərlər