Bu günlərdə Dənizkənarı Bulvar ərazisində insanlar tərəfindən dekorativ ağaclara, o cümlədən kaktuslara zərər vurulması ilə bağlı görüntü yayılıb.
Videogörüntüdə bir qadının kaktusun üzərinə yazı yazmağa çalışdığı görünür. Digər xanım ona irad bildirsə də, o və yanındakı kişi buna məhəl qoymur.
Polis əməkdaşları tərəfindən həmin qadın müəyyən olunaraq saxlanılıb. O, izahatında törətdiyi əməli etiraf edib. Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Artıq Səbail Rayon Məhkəməsində qərar qəbul edilib. Qadının azyaşlı uşağının olması nəzərə alınaraq T.Ə.-yə yüngül cəza verilib. O, 75 manat məbləğində cərimə olunub.
Xatırladaq ki, daha əvvəl də eyni hal yaşanmışdı. Belə ki, ötən ay kaktusları kəsərək yandıran Varis Cəfərli polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılmış və 30 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edimişdi.
Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, analoji hallarla bağlı vətəndaşlara müraciət edib: “Bir ağacın, bir gülün ərsəyə gəlməsi uzun illər, böyük zəhmət tələb edir. Buna görə də bu gülləri, bu yaşıllıqları, bu gözəllikləri qorumaq hər birimizin borcudur. Milli Park təkcə Dənizkənarı Bulvar İdarəsinin deyil, hər birimizin, bütün Azərbaycanın sərvətidir və bu sərvəti qorumaq hər birimizin borcudur”.
Ə.Mehdiyeva kaktusların qorunması istiqamətində gördüyü işlərdən söz açıb: “Dənizkənarı Bulvar İdarəsi öz səlahiyyətləri çərçivəsində bu yaşıllıqların qorunması istiqamətində lazım olan bütün addımları atır. Məsələn, təhlükəsizlik kameraları yerləşdirilib. Məsələn, hadisə baş verən zaman dərhal təhlükəsizlik kameralarına baxış keçirdik. Hadisənin kim tərəfindən və nə vaxt törədildiyi ilə bağlı ilkin məlumatlar əldə etdik və hüquq-mühafizə orqanlarına müraciət etdik. Onlar da dərhal reaksiya verdilər”.
Dənizkənarı Bulvar İdarəsinin rəsmizi nəzərə çatdırıb ki, bu kimi hallar yenidən təkrarlansa, lazım olan bütün addımlar atılacaq, bütün tədbirlər görüləcək: “Ona görə də vətəndaşlarımızın bir qədər də diqqətli olması vacibdir. Buradan hər kəsə səslənərək deyirəm ki, Milli Parka gələn hər kəs ən azından bu gözəllikləri qorumalıdır, çünki, yenə də deyirəm, bu bizim sərvətimizdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova da məsələyə sərt reaksiya verib. O, kaktuslara ziyan vuran şəxsləri sərt tənqid edib: “Ağaclara, yaşıllıqlara qarşı bu qədərmi etinasız, bu qədərmi duyğusuz və düşüncəsizik?! Nə vaxta qədər belə yanaşma olacaq? İnsan da gəzdiyi, dincəldiyi məkana, gözəllik verən yaşıllığı, gülü bu günə salarmı?! Yəni belələri üçün həqiqətən ifadə etməyə söz tapa bilmirəm”.
Nazirlik sözçüsü düşünür ki, belə insanlar həyatlarında bir dəfə də olsun nə ağac, nə gül əkiblər: “Çünki ağac əkən insan inanmıram ki, yaşıllığa qarşı bu cür hərəkət etsin”.
İ.İbrahimova həmin insanlara səslənib: “Ağaclar canlıdır. Onlara vurulan ziyan bir canlıya vurulan ziyandır. Təbiətə, yaşıllığa ziyan vuran belə məsuliyyətsiz insanlar ictimaiyyət tərəfindən hökmən qınanılmalı, tənbeh olunmalı, utandırılmalıdır ki, cəmiyyət qarşısında öz törətdiyi utancverici hərəkətlərindən peşman olsun və əl çəksin. Belələrini hamılıqla ifşa etməliyik, çünki ictimai qınaq inzibati tədbirlərdən daha təsirli olur”.
Sonda bir daha vurğulayaq ki, təbiəti qorumaq hər birmizin borcudur. Biz bilməliyik ki, təbiəti qorumaq öz sağlamlığımızı qorumağımız deməkdir. Bu işə laqeyd yanaşsaq illər sonra təbiətdə bunun ciddi fəsadlarını görəcəyik. Belə ki, təbiətin məhv olması həmin yerdə selin, daşqınların, güclü küləklərin baş verməsinə və ən əsası oksigen ehtiyatının azalmasına gətirib çıxaracaq. Bu isə canlı orqanizimin, bəşəriyyətin məhv olması ilə nəticələnə bilər. Gəlin təbiətimizi, evimizi birlikdə qoruyaq və daha da gözəlləşdirək! Bu işdə hər birimiz bir təbiətsevər olmaqla könüllü xidmətlər göstərməliyik.
Hüseyn Məmmədsalahov
Foto, video: Pərvin Zeynal




