Moldovanın paytaxtı Kişineu şəhərində Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (EJOI 2024) keçirilib. Məktəblilərimiz beynəlxalq olimpiadada bir gümüş və iki bürünc medal qazanıblar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb. O bildirib ki, Bakı şəhəri 157 nömrəli tam orta məktəbin şagirdi Həsən Vəliyev gümüş, Bakı Türk Anadolu liseyinin şagirdi Əhməd Qənbərli və Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbin şagirdi Muhammedali Əhmədov bu olimpiadada bürünc medal qazanıblar.
Ekspert informatika üzrə belə uğurlu nəticə əldə etməyin böyük nailiyyət olduğunu vurğulayıb: “Nə üçün nüfuzlu beynəlxalq fənn olimpiadalarında ağır intellektual zəhmət hesabına uğur qazananlarımız dövlət tərəfindən təltif olunmur və onlara da böyük məbləğdə pul mükafatları verilmir?
Beynəlxalq idman yarışlarında, idman olimpiadalarında qalib gələnlərə, ölkəmizin adını ucaldanlara dövlət tərəfindən doğru olaraq yüksək mükafatlar verilir. Amma nəzərə almaq lazımdır ki, riyaziyyat, informatika, fizika və s. fənlər üzrə beynəlxalq olimpiadalarda yüksək nəticə əldə etmək də hər oğulun işi deyil.
Dünyanın nəhəng şirkətləri və tanınmış universitetləri elə olimpiadalar başa çatmamış azacıq uğur qazananları ələ keçirməyə çalışırlar.
Təklif edərdim ki, beynəlxalq fənn olimpiadalarında qalib gələnlərə də dövlət tərəfindən eyni münasibət sərgilənsin. Uğur qazananlar, onların müəllimləri və hətta repetitorları, aid olduğu məktəb rəhbərləri də mükafatlandırılsın”.
Osman Gündüz onu da bildirib ki, informatika üzrə beynəlxalq bir olimpiadada qazanılanlar ölkə üçün bir az öncə başa çatmış Yay Olimpiya oyunlarında qazanılan uğurlardan az əhəmiyyət kəsb etmir: “Təsəvvür edin ki, biz 30 ildir beynəlxalq riyaziyyat olimpiadasında iştirak edirik, amma qızıl medal ala bilməmişik. Əlbəttə, asan olsaydı, çoxdan əldə edərdik. Beynəlxalq fənn olimpiadalarında iştirakı stimullaşdırmaq faydalı olardı. Düşünürəm ki, beynəlxalq fənn olimpiadalarında qızıl, gümüş və bürünc medal qazananlar da təltif olunmalı, onlara və müəllimlərinə böyük məbləğdə pul mükafatları verilməlidir. Ümid edirəm, ETN bu təklifləri daha da ümumiləşdirib hökumətə təqdim edəcək”.

Son xəbərlər
Son Xəbərlər