“Onlardan qorxmuruq, ancaq hörmət edirik” - Baş məşqçi

onlardan-qorxmuruq-ancaq-hormet-edirik
Oxunma sayı: 1230

“Hazırlığımız davam edir. Hər gün hansısa elementi yaxşılaşdırmağa çalışırıq. Amma bəzən bəxtsizliklə də üzləşirik. Bu gün iki futzalçımızın – Rövşənlə Qalonun testləri pozitiv çıxdı. Ümid edirəm ki, PCR testin nəticəsi neqativ çıxacaq. Birdən-birə iki oyunçunu itirmək olmaz. Onlar ilk “5-liy”in üzvləridirlər”.

“Qafqazinfo” xəbər verir ki, bunu futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva Avropa çempionatında Gürcüstan yığmasına qarşı keçirəcəkləri D qrupunun I tur matçından öncə mətbuat konfransında deyib.

Baş məşqçi komandanın hazırlığı barədə də danışıb:

“Heç vaxt deyə bilmərəm ki, komanda 100 faiz hazırdır. Bunun üçün uzun zaman lazımdır. Biz məşqlərə başladığımız gündən göstəricimiz artan xətt üzrə hərəkət edir. Bu gün axşam rəqibin oyununa da baxacağıq, videoanalizləri futzalçıların diqqətinə çatdıracağıq.

Rəqibimiz debütant olsa da, güclü komandadır. Hazırda yaxşı vəziyyətdədirlər. Yoldaşlıq oyunlarında qazanılan qələbə onların psixoloji durumunu yaxşılaşdırıb. Ancaq unutmayaq ki, yoldaşlıq oyunları ilə Avropa çempionatının final mərhələsi fərqli yarışdır. Onlardan qorxmuruq, ancaq hörmət edirik. Ümid edirəm ki, sabah tam heyətlə zala yollanacağıq və maraqlı oyun keçirəcəyik”.