Onları güllə öldürdü

onlari-gulle-oldurdu
Oxunma sayı: 1507



Bir neçə gün öncə ayaqüstü, 3-5 dəqiqə İraqlı bir tələbə ilə söhbət etdim. Dərslərlə bağlı bir-iki önəmsiz mövzudan danışdıqdan sonra danışmağa bir mövzumuz qalmadı. 

Mənasız şəkildə yan-yana yeriyərkən dedim: “Sizin ölkənin də dərdi bitmir qardaş”. İraqlı tələbənin üz ifadəsi dəyişdi, kədərli, düşüncəli bir hal aldı...Bilmirəm, bunu deməkdə məqsədim nə idi. Yəqin ki, sadəcə olaraq nə isə demək məcburiyyəti hiss etmişdim... Bu mövzunun onun üçün artıq bezdirici olduğunu düşünərək işlətdiyim cümləyə görə peşman oldum. Mənə elə gəldi ki, bu mövzuda danışmaq istəməyəcək, başıyla təsdiqləyib, məni yola verəcək... “Hə qardaş elədi.” deyib növbəti cümlələrə hazırlaşırmış kimi dərindən nəfəs aldı. Sonra nə isə demək istəyirmiş kimi ağzını açdı amma heç nə demədi. 5-10 metr yeridikdən sonra səssiz şəkildə, öz-özünə danışırmış kimi :“Bizim kəndimiz də İŞİD-in əlindədi. İnsanlara zülm verirlər”. Bundan sonra ikimiz də heç bir şey demədən çıxış qapısına qədər yeridik, sağollaşdıq. Başqa nə deyə bilərdim, deyəcəyim heç bir söz onun çəkdiyi iztirabı, ürək ağrısını azaltmayacaqdı.

Viktor Huqo “93 inqilabı” adlı son romanında “Kralçılar” ilə “Respublikaçıların” müharibəsinin ortasında qalmış günahsız, hadisələrdən xəbərsiz bir “Ana” dan bəhs edir. Səbəbini anlamadığı müharibə atasını, həyat yoldaşını öldürür, üç körpəsi əlindən alınır. Ondan ailəsinin kimin tərəfindən öldürüldüyü soruşulur: “Onları tüfəngdən çıxan güllə öldürdü” deyə cavab verir. Kimin hansı məqsədlə döyüşdüyü, mübarizə apardığı onun üçün vacib deyil, o sadəcə körpələrini geri qaytarmaq istəyir.

Bir anlıq hər şeyi bir kənara buraxaq: siyasi baxışımızı, inancımızı, tərəfini tutduğumuz ölkələri( İsrail və ya Fələstin) və s. Gözlərimizi yumub, səssiz bir mühitdə uzaqdan gələn körpələrin səsini dinləməyə çalışaq. Valideynlərini itirmiş, qırıq-sökük binaların arasında ağlayan körpələri eşitməyə çalışın. Əli silahlı, qana susamış insanlar artıq istəsələr də o səsi eşidə bilmirlər. Çünki əgər ağlayan körpələrin səsini duysalar əllərindəki silahları buraxıb, bir-birlərindən üzr istəyər və müharibəni dayandırarlar.

Körpələrin səsinə qulaq verin. Çünki sülh, körpələrin saflığında, anlaya bilmədiyimiz kəkələmələrində, pəpələmələrindədir. Körpələr sülhün özüdür, onların göz yaşları insanlığın ayıbı, Tanrının özüdür.